"Vasitəçisiz sülh danışıqları ölkəmizin ilk dövrdən irəli sürdüyü bir yanaşmadır" - Günay Ağamalı

 20:08 10.07.2025     185

"Cənab Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün konstruktiv atmosferdə keçməsi, regionda sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətli bir mərhələdir. Görüş zamanı sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, eyni zamanda sülh sazişi üzrə ilkin razılaşmanın əldə olunması kimi fundamental məsələlərin müzakirə olunması, prosesin artıq konkret nəticələr üzərində qurulduğunu göstərir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan ikitərəfli görüşdən danışarkən bildirdi.

"Təsadüfi deyil ki, tərəflər sülh danışıqlarını məhz ikitərəfli formatda, heç bir vasitəçinin iştirakı olmadan həyata keçirir. Bu isə üçüncü qüvvələrin prosesdə şəxsi maraqlarını təmin etməyə yönəlmiş ambisiyalarını minimallaşdırır. Bu, ölkəmizin ilk dövrdən irəli sürdüyü bir yanaşmadır. 

Bu istiqamətdə danışıqların daha yüksək səviyyələrdə davam etdirilməsi və işçi qruplarının yaradılması barədə razılığın əldə olunması, ilk növbədə, Azərbaycanın nümayiş etdirdiyi siyasi iradənin və sülhə sadiqliyin nəticəsidir. Bu, həm də ölkəmizin bölgədə davamlı sülh və sabitlik naminə göstərdiyi təşəbbüskar mövqeyin növbəti təsdiqidir", - deyə millət vəkili vurğuladı.

Günay Ağamalı qeyd etdi ki, Azərbaycan regionda ədalətli və dayanıqlı sülhün tərəfdarıdır, lakin bu sülh birtərəfli güzəştlərlə deyil, beynəlxalq hüquq və tarixi ədalət prinsipləri əsasında qurulmalıdır.

"Dövlət başçımız cənab İlham Əliyevin qətiyyətli liderliyi və diplomatik məharəti sayəsində ölkəmiz sülh təşəbbüslərində öncül mövqe tutur və regional əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir",- deyə deputat əlavə etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən