"Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki..."

"Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki, liderlər və heyətlər sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına əngəl olan ən mürəkkəb məsələləri geniş şəkildə müzakirə ediblər".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə danışarkən bildirib.
Onun fikrincə, görüşdən sonra yayımlanan açıqlama və xəbərlər də göstərir ki, tərəflər A-dan Z-yə bütün məsələləri müzakirə ediblər.
"Görüşün yekunu olaraq hər hansı sənədin imzalanmaması və ya ortaq bəyanatın qəbul edilməməsi narahatlığa əsas vermir. Dialoq genişlənib. Önəmli olan budur. Bütün hallarda Nikol Paşinyan Konstitusiya dəyişikliyini ləngitməməlidir. Sülhün açarı bundadır", - deyə Şahinoğlu vurğulayıb.
T.İSMAYIL