"Hər hansı bir xarici qüvvənin Azərbaycanda olması qəbulolunmazdır" - Deputat

 17:44 11.07.2025     116

"Dünən Əbu-Dabidə keçirilən görüş 5 saata qədər davam edib. Mediaya açıqlanan yekun məlumatdan da tam əminliklə deyə bilərik ki, dialoq uğurla baş tutub və tapşırıqların həll edilməsi üçün hər iki tərəfin nümayəndə heyətlərinə dövlət rəhbərləri tərəfindən göstəriş verilib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüşdən danışarkən bildirdi. Onun sözlərinə görə, sülh mətni artıq hazırdır:

"Lakin Ermənistan tərəfinin Konstitusiyaya dəyişiklik və digər öhdəlikləri yerinə yetirdikdən sonra bu sənədi imzalamaq mümkün olacaq. Görüşdə həmçinin Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı müzakirələr də aparılıb. Azərbaycanın tələbi və şərti ondan ibarətdir ki, Şərqi Zəngəzurdan Naxçıvana maneəsiz hərəkət təmin olunsun. Alternativ olaraq, Azərbaycan xüsusi tunellər vasitəsilə, Ermənistanın suverenliyinə xələl gətirmədən həm avtomobil, həm də dəmir yolu çəkə bilər. Buna paralel olaraq Azərbaycan və Ermənistanın, eyni zamanda Türkiyə və İranın istifadə edə biləcəyi əlavə bir xətt də çəkilə bilər. İstənilən halda Azərbaycanın əsas tələbi maneəsiz hərəkətin təmin edilməsidir".

Millət vəkili qeyd etdi ki, xüsusilə də Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Ermənistanın həm Sədərəkdə, həm də Qazax ərazisində Azərbaycan dəmir yollarına və avtomobil yollarına qoşulmaq imkanı yaranacaq:

"Bu da nəticə etibarilə Ermənistanın nəqliyyat blokadasından çıxmasına səbəb olacaq. Regionda həyata keçirilən beynəlxalq layihələrə Ermənistanın yaxın gələcəkdə iştirak imkanı yarana bilər. Çünki Azərbaycanın icazəsi olmadan Ermənistanın bu layihələrə qoşulma ehtimalı yoxdur. Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması nəticə etibarilə Ermənistan və Türkiyə sərhədinin açılmasına gətirib çıxara bilər. Bu baxımdan bölgəmizdə hər hansısa bir xarici qüvvənin olması qəbul edilmir. Bunu Azərbaycan inkar və imtina edir. Hər hansı bir xarici qüvvənin Azərbaycanda olması qəbulolunmazdır. Avropa İttifaqının müşahidə missiyasının da bu bölgədən getməsi arzuolunandır. Ermənistan tərəfi anlamalıdır ki, bütün baş vermiş faciələrin əsas səbəbi Ermənistandır və Ermənistan hərbi rəhbərliyinin uğursuz, qəddar siyasətidir. Ermənistan tərəfi öhdəlik götürməlidir ki, bir daha regionda təhlükəli addımlar atmayacaq".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən