"Delimitasiya və Zəngəzur dəhlizinin açılması məsələsi dolayı yolla bir-biri ilə bağlıdır"

 20:42 11.07.2025     194

Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında keçirilən görüşdə dövlətlərarası normallaşma prosesi, o cümlədən sərhədin delimitasiyası sahəsində əldə olunan nəticələr müzakirə edilib və bu istiqamətdə işlərin davamı üçün müvafiq komissiyalara tapşırıqlar verilib.

Sərhədlərin delimitasiyası sahəsində atılan addımlar Zəngəzur dəhlizinin açılmasına necə təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında millət vəkili Azər Allahverənov bildirdi ki, Zəngəzur dəhlizi ilə delimitasiya və demarkasiya olunmuş sərhədlər arasında əlaqə var:

"Ən azından Zəngəzur dəhlizinin uzunluğu, infrastrukturu, infrastrukturun fəaliyyət göstərməsi və s. kimi məsələlər mütləq qaydada tələb edir ki, iki dövlət arasında delimitasiya və demarkasiya olunsun.

Çünki Zəngəzur dəhlizinin sərhədlərin qeyri-müəyyən olduğu şəraitdə açılması bir qədər mürəkkəb prosesdir. Ona görə delimitasiya məsələsi ilə Zəngəzur dəhlizinin açılması məsələsi bir-biri ilə dolayı yolla bağlıdır. Amma əsas vacib məsələ delimitasiya və demarkasiya ilə bağlı işlərin davam etdirilməsidir. Bəlli məsələdir ki, üçtərəfli konvensiya var və bu çərçivədə müəyyən işlər həyata keçirilib. Müəyyən müsbət nəticə də vardır ki, bu da bilavasitə iki dövlət arasında Qazax istiqamətində təqribən 13 kilometrə yaxın ərazinin delimitasiya olunması məsələsidir".

Deputat qeyd etdi ki, bu mövzu iki dövlət arasında əldə olunan nəticə kimi hesab olunur.

"Çünki həm delimitasiya olunmuş konkret ərazi artıq var, həm də bunun davam etdirilməsinə dair qərar müsbətdir. Digər tərəfdən də həmin ikitərəfli konvensiyanın fəaliyyətinin həyata keçirilməsi üçün reqlament də faktiki olaraq qəbul edilib.

Nəticədə biz görürük ki, delimitasiya və demarkasiya ilə bağlı işlərin davam etdirilməsi üçün hər hansı bir maneə yoxdur. Dünən Əbu-Dabidə keçirilən görüş zamanı bu mövzunun da müzakirə olunması, eyni zamanda iki dövlətin aidiyyəti strukturlarının xüsusi işçi qruplarına tapşırıqların verilməsi onu göstərir ki, bu proses davam edəcək".

Müsahibimizin fikrincə, son ərazilər delimitasiya və demarkasiya olunana qədər paralel olaraq Zəngəzur dəhlizi ilə bağlı müəyyən irəliləyişlərin baş verməsi nəticə etibarilə sonda Zəngəzur dəhlizinin keçəcəyi, eyni zamanda Zəngəzur dəhlizindən başqa Azərbaycan ərazisi ilə Naxçıvan Muxtar Respublikasını əlaqələndirən digər kommunikasiyaların, o cümlədən Ermənistan üzərindən keçən başqa nəqliyyat yollarının effektiv işləməsi üçün həmin iki dövlət arasındakı delimitasiya və demarkasiya prosesinə ciddi ehtiyac var.

"Ona görə düşünürəm ki, bu çox vacib prosesdir. Əsas olan odur ki, bu proses irəliyə doğru aparılır. Yəqin ki, bu mövzuda hər hansı ləngimələr olmayacaq. Ən azından ortada tapşırıqlar var və bu tapşırıqlar həyata keçəcək, daha da intensiv xarakter alacaq.

Bunlar mənim dünənki yaradılan pozitiv atmosfer mühiti nəticəsində belə bir nitqin yaranmasına səbəb oldu" , - deyə Azər Allahverənov qeyd etdi.

Xədicə BAXIŞLI 

 

Vumart və Güvən reklamı Vumart Güvən