"Azərbaycan Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarındadır" - Deputat

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.
Görüşlə bağlı fikirlərini Redaktor.az-a bildirən millət vəkili Bəhruz Məhərrəmov bildirdi ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri və Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü Bakı-Dəməşq münasibətlərində yeni və tam fərqli məzmunda mərhələdir:
"Görüşdə dövlət başçımızın da qeyd etdiyi kimi, "uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluq olub və Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb".
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü və müzakirələrin məzmunu da deməyə əsas verirdi ki, Suriyada Əsəd rejiminin devrilməsindən Bakı məmnun qalıb və tam yeni geosiyasi şəraitin hökm sürdüyü bir şəraitdə Bakı-Dəməşq əməkdaşlığı üçün böyük perspektivlər açılıb".
Deputatın sözlərinə görə, tarazlaşdırılmış xarici siyasətin çoxşaxəliliyinə üstünlük verən Azərbaycan Vətən müharibəsi və antiterror tədbirlərində cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı hərbi-siyasi qələbələri ilə suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin güclənməsində ehtiva olunan yeni reallıq yaradıb:
"Ötən dövr ərzində etibarlı tərəfdaş kimi özünü təsdiq edən, regionun yeni hərbi-siyasi güc mərkəzi rolunu oynayan Azərbaycanla əməkdaşlıq, təbii ki, regionda sağlam maraqları olan, o cümlədən maraqlarını sağlamlaşdırmağa hazır olan subyektlər üçün çox önəmlidir. Bu çərçivədə ölkəmizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri Yaxın Şərqlə əlaqələrdir. Bakıda həmişə hesab edilib ki, Azərbaycan Respublikasının Yaxın Şərq dövlətləri ilə münasibətləri də böyük potensiala malikdir və bu mənada, ölkəmiz bu dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səyləri davam etdirəcəkdir. Vətən müharibəsi və antiterror tədbirləri ilə Cənubi Qafqazda yaranan yeni təhlükəsizlik konfiqurasiyası, habelə Suriya ətrafında yaranan yeni təhlükəsizlik arxitekturası tamamilə yeni geosiyasi mühit formalaşdırıb. O cümlədən Azərbaycanın hərbi-siyasi qələbələri ilə artan lider rolu, şəxsən cənab İlham Əliyevin malik olduğu qlobal nüfuz Bakını proseslərə həlledici təsirə malik gücə çevirib.
Məlumdur ki, Əsəd rejiminin təcavüzkar siyasəti səbəbindən Bakı-Dəməşq münasibətləri 10 ildən artıq bir dönəmdə iflic vəziyyətinə düşmüş, Əsəd iqtidarı açıq formada Ermənistanın işğal və təcavüz siyasətinə açıq dəstək vermişdir. Bu mənada, Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar möhtərəm Prezidentimiz məmnunluğunu açıq formada bildirərək dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilmiş, uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti bərpa edilmişdir".
B.Məhərrəmov qeyd etdi ki, öz növbəsində Əhməd Əl Şaraa da istər Türkiyədəki görüşdə, istərsə də Bakıya səfəri zamanı ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu açıq formada ifadə etməkdədir.
"Dövlət başçılarının geniş tərkibdə görüşündə də ifadə olunduğu kimi, Suriya hazırda ciddi enerji problemi ilə üzləşib və Azərbaycan isə Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarındadır. Təsadüfi deyil ki, yaxın zamanlarda Türkiyə ərazisindən Suriyaya qaz ixracı layihəsi həyata keçiriləcək. Göründüyü kimi, bir sıra Avropa ölkələrinin yanı sıra, Azərbaycan Suriyanın da enerji təhlükəsizliyinə töhfə verərək dolayısı ilə milli təhlükəsizliyində rol alacaq. Lakin Bakı Suriya siyasətində bununla kifayətlənmək niyyətində deyil. Liderlərin görüşündə də ifadə olunduğu kimi, Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər gündəmdədir. Habelə Azərbaycan Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində həm tək, həm də Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatında iştirak etməyə hazırdır",- deyə deputat vurğuladı.
Nuriyyə NATİQQIZI