"Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - Fazil Mustafa

"Suriyanın yeni hökuməti ilə Azərbaycan arasında kifayət qədər normal münasibətlər formalaşıb".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfərini şərh edərkən dedi.
"İlk dəfə Antalyada diplomatik forumda belə bir görüş oldu və bu istiqamətdə müəyyən addımların atılması, səfirliyin bərpa olunması, diplomatik əlaqələrin yenidən qurulması istiqamətində razılaşma əldə olundu. Suriya Prezidentinin Azərbaycana gəlişi, xüsusilə də İsraillə münasibətlərin normallaşmasında Azərbaycanın önəmli rol oynaması, bizim üçün də uyğun istiqamətdir. Bu, həm də ölkəmizin, dövlətimizin nüfuzunu əks etdirən bir haldır", - deyə millət vəkili vurğuladı.
O, qeyd etdi ki, heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil.
"Burada doğru əlaqələrin qurulması vacib rol oynayır. Hər halda, daha çox qaz ixracı ilə bağlı tranzit ölkə kimi Suriyanın mühüm rola malik olması Azərbaycanın xüsusi maraqlarına uyğundur. Bu istiqamətdə də xeyli razılaşmanın əldə olunduğunu gördük. Azərbaycan Prezidentinin Yaxın Şərq üzrə siyasətinin ardıcıl və məntiqli olduğunun bir daha təsdiqini tapdı və hesab edirəm ki, bu əlaqələr Azərbaycan üçün olduqca vacibdir", - deyə Fazil Mustafa bildirdi.
Xədicə BAXIŞLI