"Rusiyadan gələn təlimat belədir ki, müxalif güclər Paşinyanı devirməlidir" - AÇIQLAMA

"Paşinyanın ölkə daxilində yeritdiyi siyasət əslində Ermənistanın təhlükəsizliyini qorumaq kimi dəyərləndirilə bilər. Əlbəttə, Paşinyan normallaşdırma siyasətində Azərbaycanla birgə addım atdığını göstərmək istəyir. Amma daxildəki müxalif qüvvələr buna imkan vermirlər. Faktiki olaraq, Paşinyanı bir növ sıxışdırmağa çalışırlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Ermənistanın Baş naiziri Nikol Paşinyanın Azərbaycanla normallaşma prosesinə əngəl törətmək istəyən Rusiyayönümlü müxalifətin qarşısını necə alacağı haqda danışarkən bildirdi.
"Burada müxtəlif qüvvələr deyəndə yalnız siyasi partiyalardan söhbət getmir. Həm də digər nümayəndələr, məsələn, kilsə nümayəndələrindən gedir. Bunların hamısı birlikdə hərəkət edir. Görünür ki, Rusiyadan gələn təlimat belədir ki, bu müxalif güclər ya Paşinyanı durdurmalıdır, ya da devirməlidir.
Bir tərəfdən də Rusiyanın orada hərbi bazanı artırması bir az Paşinyanın nöqteyi-nəzərindən narahatedici məsələdir. Amma məncə, bu məsələdə Paşinyan geri addım atmayacaq. O, başa düşür ki, Ermənistanın yeganə xilas yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasından və normallaşma prosesini axıra çatdırmaqdan keçir.
Bu baxımdan Paşinyan, düşünürəm ki, müxalif qüvvələrə qarşı yumşaq gücdən deyil, sərt gücdən istifadə edə bilər", - deyə politoloq qeyd etdi.
Xədicə BAXIŞLI