"Paşinyan bölgədə sülh olmasını istəyirsə, hökmən Köçəryanla Sarkisyanı neytrallaşdırmalıdır" - Elman Məmmədov

"Gedişatdan belə görünür ki, Nikol Paşinyan Azərbaycanın tələbləri ilə sülh sazişinin imzalanmasını istəyir. Ancaq Paşinyana qarşı Ermənistan daxilində və xaricdə xeyli güclü qüvvələr var".
Bu fikirləri Redaktor.az-a deputat Elman Məmmədov Nikol Paşinyanın Azərbaycanla nornallaşma prosesinə əngəl törətmək istəyən Rusiyayönümlü müxalifətin qarşısını necə almalı olduğundan danışarkən bildirdi.
Onun sözlərinə görə, müxalifətin əsasını təşkil edən Moskvadan idarə olunan şəbəkələrdir.
"Başda Robert Köçəryan, Serj Sarkisyan və digərləri dayanır. Bunları neytrallaşdırmaq məsələsi var. Bu isə Paşinyandan çox ciddi risk tələb edir. Əgər Paşinyan istəyirsə ki, hakimiyyətini qoruyub saxlasın, özünün, ailəsinin və Ermənistan dövlətinin təhlükəsizliyini təmin etsin, bu vaxt mütləq hərbi cinayətkarları neytrallaşdırmalıdır. Bir dəfə təklif etmişdim, yenə deyirəm: Bunun üçün ən düzgün yol onların həbs etdirilib Azərbaycana təhvil verilməsidir. Bu, Ermənistanda sakitliyə səbəb olacaq".
Müsahibimizin sözlərinə görə, bu gün Ermənistanda Paşinyana qarşı olan əsas qüvvələr Qarabağ klanı və keşişlərdir.
"Paşinyanın başqa çıxış yolu yoxdur. Əgər bölgədə sülh olmasını istəyirsə, Ermənistan dövlətinin gələcəyini mehriban qonşuluq və sülh şəraitində görmək istəyirsə, hökmən bunları neytrallaşdırmalıdır. Ermənistan cəmiyyəti bu gün cinayətkar bir cəmiyyətdir. Paşinyan bunlara qarşı ciddi tədbirlər görməlidir. Əks təqdirdə Ermənistanda sakitçilik olmayacaq. Paşinyana qarşı qüvvələr daha da aktivləşəcək. Gələcəkdə Paşinyan hakimiyyətdən gedə, özü də məhv ola bilər", - deyə deputat fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI