Taliban hökuməti niyə tanınmır? - ŞƏRH

 19:35 14.07.2025     78

"Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökumətinin tanınması, həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Orta Asiya və Mərkəzi Asiya ölkələri tərəfindən Talibanın tanınması, Əfqanıstanla bu region dövlətləri arasında münasibətlərin normallaşmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə təkan verə bilər. Bu isə öz növbəsində beynəlxalq miqyasda ölkələrarası münasibətlərə, iqtisadi-ticarət əlaqələrinə və təhlükəsizlik əməkdaşlığına birbaşa təsir göstərir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan Əfqanıstanda hakimiyyətdə olan Taliban hökumətinin tanınması haqqında danışarkən bildirdi.

"Hazırda Taliban hökumətinin rəsmi olaraq geniş şəkildə tanınmamasının əsas səbəblərindən biri ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kimi Qərbin aparıcı dövlətlərinin bu rejimə qarşı ehtiyatlı və skeptik münasibətidir. Bu səbəbdən, digər ölkələr Talibanla müəyyən səviyyədə əlaqə saxlasalar da, bu münasibətlər hüquqi baxımdan tam tanınma anlamına gəlmir və yalnız “de-fakto” (faktiki) əməkdaşlıq səviyyəsində qalır. “De-yure” (hüquqi) tanınma isə daha kompleks və zamana ehtiyacı olan bir prosesdir.

Taliban hökumətinin rəsmi şəkildə tanınmamasının arxasında duran əsas faktorlar isə insan hüquqları sahəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. Xüsusilə qadın hüquqlarının məhdudlaşdırılması, qızların təhsildən məhrum edilməsi, mətbuat azadlığının boğulması, ümumilikdə isə ölkədə təhlükəsizlik və hüquq-nizamın zəif olması bu məsələdə əsas əngəllər kimi çıxış edir. Beynəlxalq ictimaiyyət, Talibanın bu sahələrdə ciddi islahatlara getmədiyi müddətcə onu tanımağın doğru olmayacağını düşünür", - deyə siyasi şərhçi qeyd etdi.

S.Soltanın sözlərinə görə, geosiyasi müstəvidə Talibanın tanınması regionda yeni güc balansının yaranmasına və fərqli siyasi konfiqurasiyaların formalaşmasına səbəb ola bilər.

"Bu, eyni zamanda digər dövlətlərin daxili və xarici siyasətinə də təsirsiz ötüşməyəcək. Qeyd etmək lazımdır ki, Taliban ilk dəfə hakimiyyətdə olduğu dövrdə də həm yerli, həm də beynəlxalq hüquq normalarını pozaraq etimadı ciddi şəkildə sarsıtmışdı. Bu da ona qarşı inamsız yanaşmanın formalaşmasına səbəb olub.

Bununla belə, zamanla Taliban hökuməti regionda terror fəaliyyətlərini dəstəkləməkdən imtina edərsə, qadın və insan hüquqları sahəsində irəliləyiş nümayiş etdirərsə, bu, onun beynəlxalq aləmdə tanınma ehtimalını artıracaq. Belə olan halda Taliban hökuməti regionun yeni geosiyasi düzənində daha fəal və legitim aktora çevrilə bilər", - deyə politoloq qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən