"Azərbaycan Yaxın Şərqə doğru irəliləyərək, oradan da Şimali Afrikaya üz tutmaq niyyətindədir"

 14:12 15.07.2025     278

"Azərbaycan Prezidentinin xarici siyasətdə həyata keçirdiyi son həmlələr Azərbaycanın yeni yaratdığı reallıqlara əsaslanır. Bu reallıqlar özü-özlüyündə Azərbaycanın xarici siyasətinə yeni keyfiyyət mərhələsi qazandırır".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana ötən günlərdə etdiyi işgüzar səfərdən danışarkən bildirdi.

"Suriya Ərəb Respublikası yenicə müharibədən çıxmış, mühüm bir coğrafiya olmaqla Yaxın Şərqin qapısıdır. Üstəlik, qardaş Türkiyə ilə həmsərhəd ölkədir. Buna görə də biz həm Türkiyə ilə strateji müttəfiqliyimiz kontekstində, həm də münasibətlər kontekstində bu ölkə ilə əlaqələri dərinləşdirməliyik. Görünür ki, Azərbaycan Prezidenti tərəfindən Yaxın Şərqə doğru irəliləmək, oradan da Şimali Afrikaya üz tutmaq Azərbaycanın xarici siyasətinin yeni prioritetlərindən biridir. Ən nəhayət, Azərbaycan burada siyasi, diplomatik deyil, həm də iqtisadi həmlələr etmiş olur", - o dedi.

Deputat qeyd etdi ki, Azərbaycan özünün iqtisadi inkişaf konsepsiyasını şaxələndirir.

"Düşünürəm ki, Suriya Prezidentinin Azərbaycana səfəri sadəcə ikitərəfli münasibətlərin irəliləməsi üçün yüksək səviyyəli təməl yaradan görüş olmadı, həm də Yaxın Şərqin digər aktorları Türkiyə, İsrail, Suriya, İraq dördbucağında Azərbaycanın ortaq baxışını və maraqlarını təyin etmiş oldu", - deyə H.Babaoğlu vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən