"Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə, Azərbaycanla sülh əldə etmək çətin olacaq"

Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hazırda Azərbaycanda məhkəməsi gedən Ruben Vardanyanın azadlığı ilə bağlı təkliflə çıxış edib, lakin Baş nazir Nikol Paşinyan bu təklifi rədd edib. Məlumata görə, Trampın təklifi Paşinyana ABŞ-dəki səfir Lilit Makunts vasitəsilə çatdırılıb və Ağ Ev bunun üçün yalnız rəsmi bir sənəd istəyib. Paşinyan isə bu addımın Ermənistan-Azərbaycan sülh prosesinə maneə yaradacağını bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirdi ki, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları çərçivəsində son dövrlərdə yeni dinamika müşahidə edilməkdədir:
"Amma əlbəttə ki, imzalanacaq olan sənəd Ermənistan və Azərbaycan arasındakı münasibətlərin gələcək perspektivlərinə kölgə salmayan bir sənəd olmalıdır. Mümkün sülhlə bağlı layihə bu qədər diqqətlə öyrənilir. Heç şübhəsiz ki, Paşinyan öz siyasi və hakimiyyət maraqlarını da sülhün kölgəsində öz lehinə həll etməyə çalışır. Paşinyan başa düşür ki, rusiyalı oliqarx Ruben Vardanyanın gəlib Qarabağda kürəyini əcdadımızın əkdiyi çinar ağacına söykəyib Azərbaycana meydan oxumasını Azərbaycan əsla və əsla bağışlamayacaqdı".
Deputatın sözlərinə görə, Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə, Azərbaycanla sülh əldə etmək çətin olacaq.
"Düşünürəm ki, Paşinyan burada düzgün addım atır. Azərbaycana qarşı hərbi cinayət törətmiş digər cinayətkarların azad olunması məsələsini gündəmə gətirmir. Çünki bilir ki, Azərbaycan bunu qətiyyətlə və dərhal rədd edəcək.
Nəticə etibarilə Paşinyan da siyasətçidir və bilir ki, bu gün Vardanyanın siyasi ambisiyaları var və bu təkcə Qarabağla bağlı deyil, həm də bütövlükdə Ermənistanla əlaqəlidir. Ona görə də mən düşünürəm ki, Azərbaycan onları bağışlamamaqda və Ermənistan da bu məsələni gündəmə gətirməməkdə haqlıdır". - deyə Hikmət Babaoğlu vurğuladı.
Xədicə BAXIŞLI