"Rusiya və İran anlamalıdırlar ki, ABŞ onların regionda atacağı mənfi addımların qarşısını almağa hazırdır"

"Əbu-Dabidə keçirilən görüşdə dünyanın bir sıra nüfuzlu ölkələrinin ciddi fikirləri olub. Görüşdə Cənubi Qafqazda yaranacaq yeni reallıqlarla bağlı maraqlı yanaşmalar ortaya qoyulub. ABŞ də regionda sabitliyin bərqərar olmasında maraqlıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Asim Mollazadə ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olacağı fikrini şərh edərkən bildirdi.
"Münaqişənin həlli həm Amerika Birləşmiş Ştatları, həm də dünyanın digər aparıcı dövlətləri üçün yeni kommunikasiya imkanları yaratmaq, ticarət sistemini formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, münaqişənin yaxın zamanda həlli istiqamətində atılan addımlara müsbət reaksiyanın artdığı müşahidə olunur.
Bu mövqeni prezident Donald Tramp, həm də ABŞ dövlət katibi Rubio açıq şəkildə ifadə ediblər. Mənə elə gəlir ki, bu istiqamətdə gedən yolda Azərbaycan beynəlxalq səviyyədə dəstək qazana bilər. Bu dəstək, ilk növbədə, prosesin qarşısını almağa çalışan qüvvələrə ciddi siqnaldır. Münaqişənin həllini istəməyən tərəflər başda Rusiya və İran anlamalıdırlar ki, ABŞ onların regionda atacağı mənfi addımların qarşısını almağa hazırdır", - deyə deputat bildirdi.
Xədicə BAXIŞLI