“Zəngəzur dəhlizinin idarə olunması Ermənistanın mülkiyyəti çərçivəsində mümkündür” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib. O, mövzuya "outsourcing" – yəni kənar idarəetmə yanaşması ilə baxılmasının vacibliyini vurğulayıb.
Redaktor.az-ın Ermənistan mediasına istinadla verdiyi xəbərə görə, Paşinyan bildirib ki, ölkədə müxtəlif xarici idarəetmə təcrübələri mövcuddur və onların hər biri Ermənistanın suverenliyinə fərqli təsirlər göstərir:
“Məsələn, Zvartnots hava limanı autsorsinq yolu ilə idarə olunur. Bu, ölkənin suverenliyinə hər hansı bir təhlükə yaratmır. Eyni hal su təchizatı, Cənubi Qafqaz dəmir yolu və digər infrastruktur obyektləri üçün də keçərlidir. Bu müəssisələr Ermənistan Respublikasının mülkiyyəti olaraq qalır”.
Paşinyan vurğulayıb ki, yolların açılması kontekstində investisiyaların cəlb olunması əsas prioritetdir:
“Biz ‘Sülhün kəsişməsi’ layihəsində böyük investisiya potensialı görürük. Burada yalnız avtomobil və dəmir yollarından deyil, həmçinin boru kəmərləri, elektrik xətləri və kabellərdən də danışırıq. Bu infrastruktur Ermənistanın mülkiyyəti daxilində yaradılıb və idarə edilməlidir”.
Baş nazir qeyd edib ki, “tikinti hüququ” adlanan mexanizm çərçivəsində icarə müqavilələri bağlana bilər və müqavilə müddəti başa çatdıqdan sonra infrastruktur obyektləri Ermənistanın sahibliyində qalacaq.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə verdiyi açıqlamada ölkəsinin Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət təklif etdiyini bildirib. O, bu addımın həm Azərbaycan, həm də Ermənistan üçün dəhlizin istifadəsində balans yaratmaq məqsədi daşıdığını vurğulayıb. ABŞ-ın bu təşəbbüsünün əsas məqsədi isə iki ölkə arasında diplomatik danışıqlara təkan verməkdir.
Xatırladaq ki, Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan da bu məsələ ilə bağlı mövqeyini açıqlamış, prosesin ölkənin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməsinin vacibliyini bəyan etmişdi.