"Ohanyanın sıradan çıxarılması Qarabağ klanına qarşı atılan addımların başlanğıcıdır"

Məlum olduğu kimi, İstintaq Komitəsi Ermənistan parlamentində müxalifətçi "Ermənistan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi açıb.
Rusiyapərəst müxalifətçiyə Ermənistanda cinayət işinin başlanması nədən xəbər verir?
Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Ermənistanda son zamanlarda Rusiyaya bağlı olan müxalif qüvvələrə qarşı fəal əməliyyatlar keçirilir:
"Digər qruplara qarşı da aktiv tədbirlər keçirilir. Seyran Ohanyan keçmiş Qarabağ klanının üzvüdür. Yəni Robert Köçəryan və Serj Sarkisyan ilə birlikdə Qarabağ klanına bağlı olan bir şəxsdir. Əgər Ermənistanda Qarabağ klanı 2018-ci ildə devrilməsə idi, Sarkisyandan sonra hakimiyyətin əsas namizədi Ohanyanın adı çəkilirdi. Məlum olduğu kimi, müdafiə naziri vəzifəsini o həmin dövrdə daşımışdı. Artıq müxalifətin faktiki liderlərindən idi. Ohanyanı digərlərindən fərqləndirən ən mühüm cəhətlərindən biri tabeçiliyində olan kriminal qrupların aktiv şəkildə fəaliyyət göstərməsidir. Ohanyan ordu içərisində olduğu üçün və Qarabağda cinayət törədən qruplar Ohanyana bağlıdır".
Müsahibimizin sözlərinə görə, Ohanyan Paşinyan üçün çox təhlükəli fiqurdur.
"Çünki küçələrə nəzarət etmək imkanına sahib olan şəxsdir. Onun sıradan çıxarılması Qarabağ klanına qarşı atılan addımların başlanğıcıdır. Çox böyük ehtimalla Seyran Ohanyanın həbsi Qarabağ klanının digər liderlərinin həbsi ilə izlənəcək. Yaxın gələcəkdə Robert Köçəryan və Serj Sarkisyana qarşı da addımların şahidi olacağıq", - deyə politoloq qeyd etdi.
Aytəkin TOFİQQIZI