Ermənistanda daxili siyasi savaş: Sülhə qarşı çıxan qüvvələr neytrallaşdırılır - Politoloqdan AÇIQLAMA

 17:08 16.07.2025     177

Məlum olduğu kimi, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında 5 saat çəkən görüş keçirilib. Görüşdən sonra verilən açıqlamalara görə, liderlər arasında görüş konstruktiv atmosferdə keçib. 

Bəs, Paşinyan ölkəsində normallaşma prosesinə əngəl törətmək istəyən Rusiyayönümlü müxalifətin qarşısını necə alacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadənin sözlərinə görə, nəzərə alsaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləridir və Ermənistan hakimiyyəti birbaşa parlamentdə formalaşır, ona görə də Paşinyan hakimiyyəti, "Mülki Müqavilə" partiyası Rusiya yönümlü qüvvələrlə idarə olunan siyasi haqq-hesabı indidən həll edir:

"Ermənistanda və İrəvanda gedən proseslər bizə deməyə əsas verir ki, 2026-cı ildə Ermənistanın indiki "Mülki Müqavilə" hakimiyyəti iqtidarda qala bilər. Buna görə də Paşinyan hakimiyyəti prioritet olaraq Azərbaycanla sülh müqaviləsini əsas götürür. Ermənistan tərəfi sülh sazişinə əngəl törətməyə çalışan, Rusiya tərəfindən idarə olunan qüvvələrlə bağlı müəyyən konkret tədbirlər görür. Əgər bu tədbirlər sərt şəkildə həyata keçirilsə, bu, eyni zamanda Ermənistan və Türkiyə sərhədinin açılmasına da yol aça bilər".

Siyasətçinin sözlərinə görə, yəqin ki, yaxın günlərdə Rusiya tərəfi Ermənistana sanksiyalar tətbiq edəcək.

"Belə ki, Ermənistan məhsullarının Rusiyaya ixracının qarşısı alınacaq. Rusiyada yaşayan erməni iş adamları ilə bağlı müəyyən tədbirlər görüləcək. Ermənistan və Rusiya arasında bağlanmış iqtisadi müqavilələrin yenidən Rusiya tərəfindən gözdən keçirilməsinin şahidi olacağıq", - deyə Y.Bağırzadə qeyd etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən