Bu halda ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər - AÇIQLAMA

 17:16 16.07.2025     116

Amerika Prezidenti Donald Tramp bildirib ki, uyğun zamanda ABŞ-nin İrana qarşı birtərəfli sanksiyalarını ləğv etmək istəyir.

Bəs ABŞ-nin İrana qarşı sanksiyaları ləğv oluna bilərmi?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, Amerika Prezidenti Donald Trampın xarici siyasəti birmənalı şəkildə iqtisadi faktorlar üzərində qurulub.

"Hazırda Tramp Amerikanın maraqlarına qarşı problem yaradan bəzi ölkələrə iqtisadi sanksiyalar tətbiq olunmasına yönəlik xəbərdarlıq mesajları verir. Eyni zamanda, paralel olaraq ABŞ-nin iqtisadi-ticarət maraqları olan ölkələrə münasibətdə də mövcud sanksiyaların ləğvi ilə bağlı mesajlar verilir. Bu da Tramp administrasiyasının siyasi siyasətinin məhz iqtisadi faktorlar üzərindən qurulduğunu təsdiqləyir".

Politoloq vurğuladı ki, hazırda İrana qarşı sanksiyaların ləğv olunması ilə bağlı mövzu gündəmə gəlib:

"Təbii ki, Tramp administrasiyası bu məsələdə ilk növbədə sanksiyaların ləğv olunmasından sonra Amerikanın İranla iqtisadi-ticarət münasibətlərini düşünür. Ağ Evdə böyük ehtimalla hesab edirlər ki, əgər sanksiyalar ləğv olunarsa, İranla iqtisadi-ticarət münasibətləri ABŞ-yə müəyyən gəlirlər gətirə bilər. Xüsusilə də neft sektoru ilə bağlı yanaşma tərzi Tramp administrasiyasının daha böyük üstünlüklər qazanma istəyini büruzə verir. Belə anlaşılır ki, Tramp administrasiyası üçün geopolitika anlayışı elə bir ciddi önəm daşımır. Əsas məsələ geo-iqtisadi mövzudur. Hazırda Tramp administrasiyası bütövlükdə xarici siyasətini dünya üzrə məhz bu istiqamətdə yönəldib".

E.Xalidbəylinin fikrincə, əgər İranın nüvə proqramı ilə bağlı problemlər həll olunarsa, böyük ehtimalla ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər.

"Ancaq bu məsələdə əsas problem və ya ziddiyyəti mövqe tuta biləcək tərəf İsrail sayılır. Çünki İsrailin bu qərarlardan məmnun olmayacağı qətiyyən şübhə doğurmur. İsrail Amerikanın bu yanaşmasına müqavimət göstərə bilər. Bu baxımdan Trampın sanksiyaları ləğv etmək fikrinin reallaşacağı inandırıcı görünmür. Çünki ABŞ öz xarici siyasətinə əsas müttəfiqi İsrailin maraqlarını nəzərə alır", - deyə müsahibimiz əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən