"Azərbaycanın irəli sürdüyü şərtlər qəbul edilmək üzrədir" - Deputat

 22:55 16.07.2025     116

"Son günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı verdiyi açıqlama gündəmdə yer alıb. O, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yaxın olduğunu bildirib. Dünyanın aparıcı güclərindən birinin rəhbərinin bu cür bəyanatı böyük əhəmiyyət kəsb edir"

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Jalə Əliyeva ABŞ Prezidenti Donald Trampın bəyanatını şərh edərkən bildirdi. 

"Tramp prezident seçildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdi ki, Bayden administrasiyası dövründə Azərbaycan-Amerika münasibətləri soyuq və gərgin olub. Bu da Bayden administrasiyasının ardıcıl şəkildə Ermənistanı tərəf kimi görməsi və onu müdafiə edən siyasət yürütməsi ilə bağlı idi. Bu yanaşma əslində Azərbaycanın ədalətli mövqeyinə qarşı çıxmaq kimi qiymətləndirilirdi.

Cənab Prezident Tramp hakimiyyətə gəldikdə bu dövrün artıq arxada qaldığını bəyan etmişdi. Tramp administrasiyası dövründə Azərbaycan-Amerika münasibətlərinin inkişaf edəcəyi və bu münasibətlərin davamlı olacağı vurğulanmışdı. Prezident İlham Əliyevin dünya siyasətini dərindən bilməsi bu gün bir daha öz təsdiqini tapır.

Trampın son açıqlamasında biz, münaqişənin sülh danışıqları yolu ilə həll olunmağa yaxınlaşdığını görürük. Bu isə onu göstərir ki, Tramp Azərbaycanın mövqeyinə hörmətlə yanaşır. Azərbaycanın bu gün beynəlxalq aləmdə məlum olan mövqeyi sülh prosesində və sülh müqaviləsinin imzalanmasında özünün haqlı şərtlərini irəli sürməsi ilə xarakterizə olunur. Bu şərtlərə əməl edildiyi təqdirdə Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Trampın açıqlaması da göstərir ki, Azərbaycanın irəli sürdüyü şərtlər qəbul edilmək üzrədir", - deyə millət vəkili qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən