"Paşinyanın bəyanatı beynəlxalq donorları sakitləşdirmək üçündür"

"Ermənistanın Baş naziri Nikol Paşinyanın “müharibə yox, sülh olacaq” açıqlaması ən yaxşı halda siyasi estetika, ən pis halda isə daxili auditoriyaya yönəlmiş növbəti manipulyativ gedişdir. Real sülh niyyətin yox, icra olunmuş konkret addımların məcmusudur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında sülh olacaq fikrini şərh edərkən dedi.
"Ermənistan Konstitusiyası hələ də Azərbaycana qarşı ərazi iddialarını daşıyırsa, hansı sülhdən danışırıq? Paşinyanın ritorikası ilə Ermənistanın sərhəddəki davranışı bir-birini təkzib edir. Ermənistan əsgərləri hərbi mövqelərdə aktivləşib, diversiya cəhdləri edir, amma baş nazir “sülh” deyir – bu, siyasi ikiüzlülükdür. Sülh bəyannamə ilə deyil, ərazi bütövlüyünə hörmətlə yaranır. Ermənistan hələ də üçüncü ölkələrin diqtəsi ilə hərəkət edirsə, sülh mümkünsüz görünür. Paşinyanın bəyanatı daha çox beynəlxalq donorları sakitləşdirmək üçündür. Əgər Ermənistan səmimidirsə, gərək konstitusiyadan "Dağlıq Qarabağ" ifadəsini çıxarsın. Əgər sülh istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı konkret razılaşma imzalasın. Azərbaycanın mövqeyi aydındır: biz müharibə istəmirik, amma yeni təhdidə də seyirçi qalmarıq. Sülh istəyən tərəf təhdid dilindən yox, diplomatik kanallardan istifadə edər. Paşinyanın dedikləri sülh bəyannaməsi deyil, sadəcə vaxt udan siyasi deklarasiyadır", - deyə o, qeyd etdi.
Xədicə BAXIŞLI