"Çin üçün İran Yaxın Şərqdə təsir aləti rolunu oynayır"

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə çinli həmkarı Vanq Yi ikitərəfli məsələləri və regional hadisələri müzakirə ediblər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, İranla Çin xarici işlər nazirlərinin görüşü Qərbə açıq şəkildə “biz tək deyilik” mesajıdır.
"Bu, bölgədə təkqütblü dünyaya alternativ olan güc xəritəsinin yenidən çəkilməsidir. İran sanksiyalar qarşısında təcrid olunmaqdan daha çox, Çinlə tərəfdaşlıq edərək mövqeyini möhkəmlətməyə çalışır. Çin isə bu münasibətdən həm siyasi, həm də iqtisadi dividendlər çıxarmaq niyyətindədir. Bu görüş, sadəcə iki ölkə arasında deyil, həm də ABŞ-nin dominantlığına qarşı bir koordinasiyadır. İranın “dialoq” və “qarşılıqlı hörmət” anlayışını vurğulaması, əslində Qərbə yönəlik soyuq ironiya idi. Çin sülhdən danışır, amma regiondakı qarşıdurmaların onun üçün faydalı geosiyasi fürsət olduğunu da bilir. Bu, klassik Çin diplomatiyasıdır: yumşaq ritorika, sərt maraqlar. İran isə Qərbin “sanksiya dili”nə qarşı Çinlə “iqtisadi müqavimət bloku” yaratmaq istəyir. Görüş zamanı verilən açıqlamalar çox diqqətlə seçilmiş ifadələrdir – həm qarşı tərəfi qıcıqlandırmır, həm də öz maraqlarını gizlətmir. Çin üçün İran sadəcə enerji tərəfdaşı deyil, həm də Yaxın Şərqdə təsir aləti rolunu oynayır. İran üçün Çin Qərb təzyiqlərinə qarşı nəfəs dəliyidir. Amma bu yaxınlaşmanın özü də bölgədə yeni gərginlik ocaqlarını qaçılmaz edə bilər. Bütün hallarda bu görüş, İranın təcriddən çıxmaq üçün Çin kartına necə güvəndiyini açıq şəkildə göstərir" , - deyə politoloq qeyd etdi.
Xədicə BAXIŞLI