"Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər" - Sərdar Cəlaloğlu

Suriya keçid dövrünün Prezidenti Əhməd Əl Şaraa İsrailin hücumları fonunda ölkəsinin müharibədən qorxmadığını və öz ləyaqəti uğrunda döyüşməyə hazır olduğunu bəyan edib.
Mövzu ilə bağli fikirlərini Redaktor.az-a açıqlayan siysətçi Sərdar Cəlaloğlu bildirdi ki, Suriyanın keçid dövrü prezidenti müəyyən bir döyüş təcrübəsi olan adamdır:
"Vaxtilə onun iştirak etdiyi təşkilat bəzi ölkələrdə həm də terror təşkilatı kimi tanınırdı. Belə adamlarda da qorxmazlıq ən böyük keyfiyyətlərdən biridir. Azərbaycan və Türkiyə ilə sıx rabitədə olan Suriya bu gün kimdənsə qorxmağa ehtiyac duymur. Çünki artıq Suriya ərazisində nə Rusiya, nə İran var, Amerika isə Suriya siyasətini Türkiyə üzərindən həyata keçirir. Faktiki olaraq Suriya özünə kifayət qədər arxayındır. Qərbdən də müəyyən dəstək var, Suriyaya qarşı bütün sanksiyalar aradan qaldırılıb".
O, həmçinin qeyd etdi ki, Bəşər Əsədin dövründəki Suriya ilə indiki Suriya tamamilə fərqlidir.
"Ona görə də belə bir bəyanatın olması normaldır. Bəyanatdan sonra isə heç bir narahatlıq olmayacaq, çünki Azərbaycan, Türkiyə, Amerika İsrailə təzyiq göstərəcəklər. Bununla İsrail Suriya ilə bağlı siyasətini dəyişəcək, müəyyən mənada Suriyanın ərazi bütövlüyünə hörmət edəcək, münasibətləri yoluna qoymaq üçün konkret addımlar atacaq", - deyə S.Cəlaloğlu bildirdi.
Nuriyyə NATİQQIZI