Azərbaycan və Türkmənistan arasında münasibətlər dinamik inkişaf edir - Deputat

 21:35 17.07.2025     76

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə vermiş olacaq.

Redaktor.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan və Türkmənistan arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanır və bu gün dinamik inkişaf edir.

“Hər iki xalq ortaq etnik mənşəyə, mədəni irs və əsrlərlə formalaşmış ortaq ənənələrə sahibdir. Eyni zamanda, dil və din baxımından yaxınlıq xalqlarımız arasında təbii bir bağ yaradır. Dövlət müstəqilliyinin bərpasından sonra isə Azərbaycan–Türkmənistan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlığa çevrilib. İki dost və qardaş ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb”.

Deputat vurğulayıb ki, iki ölkə arasında strateji tərəfdaşlıq rəsmi olaraq 2017-ci il avqustun 8-də Bakıda imzalanan “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə rəsmiləşdirilib:

“Hər iki dövlət eyni zamanda beynəlxalq və regional səviyyədə, xüsusilə də ortaq tarixi və mədəni köklərə söykənən Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx və fəal əməkdaşlıq edir.

Azərbaycan–Türkmənistan münasibətlərinin möhkəmlənməsində parlamentlərarası dialoqun mühüm rol oynadığını xüsusi qeyd etmək lazımdır. İki ölkənin qanunverici orqanları təkcə ikitərəfli əlaqələr çərçivəsində deyil, həm də beynəlxalq parlament platformalarında bir-birini dəstəkləyir və birgə təşəbbüslərlə çıxış edirlər. Bu baxımdan, Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Gengeşi Xalq Məsləhəti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu qeyd etmək yerinə düşər. Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədovun spiker Sahibə Qafarova ilə Milli Məclisdə görüş keçirməsi də parlamentlərarası əlqələrin əhəmiyyətini bir daha təsdiq edir.

Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri müxtəlif sahələr üzrə dərinləşən əməkdaşlığın daha da genişlənməsinə, Azərbaycan və Türkmənistanın gələcəkdə də dostluq və tərəfdaşlıq xəttini daha da gücləndirəcəyinə, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəyinə əminlik yaradır”.

Vumart və Güvən reklamı Vumart Güvən