"Trampın Putinə 50 günlük vaxt verməsi, Ukraynaya dəstəyin daha da güclənəcəyinə işarədir"

ABŞ mətbuatına sızan səs yazısına görə, Prezident Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Moskvanı vurmağı təklif edib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, Tramp daha çox simvolik şəkildə bunu danışıb.
"Trampın burada əsl məqsədi nədir? Tramp çalışır ki, hər iki tərəfi məcbur eləsin ki, onlar atəşkəsə gəlsinlər. Seçkidən əvvəl də Tramp buna çalışırdı, buna söz vermişdi. İki tərəfi də şantaj etmək Amerikanın ənənəvi siyasətidir. Tramp faktiki olaraq bir tərəfdən Rusiyanı şantaj edir ki, əgər Rusiya atəşkəsə razı olmasa, o zaman Ukraynaya öldürücü silahlar veriləcək, Rusiyaya qarşı sanksiyalar qoyulacaq və nəticədə Rusiya həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən zəifləyəcək.
Digər tərəfdən isə Ukraynanı şantaj edir ki, əgər Ukrayna razılaşmaya gəlməzsə, ABŞ Ukraynaya göndərdiyi silahları dayandıracaq və nəticədə Ukrayna məcbur olacaq silahsız vəziyyətdə hansısa şəkildə kompromisə getsin. Faktiki olaraq, hələ də Ukraynaya gedən silahların həcmi azalmaqdadır. Yeni tranş hələ təsdiq olunmayıb. Təsdiq olunmuş 60 milyardlıq tranş isə avqust ayında bitməlidir. Yəni əslində Tramp bu siyasəti davam etdirir", - deyə siyasi şərhçi qeyd etdi.
Onun fikrincə, Ukraynanın Rusiyanı vurmaqla bağlı açıqlamaları daha çox psixoloji təzyiq xarakteri daşıyır və bununla Tramp nümayiş etdirmək istəyir ki, lazım gəldikdə Ukraynaya daha yüngül, lakin effektiv silahlar verilə bilər:
"Məsələn, "Patriot" hava hücumundan müdafiə sistemləri daha sürətli şəkildə Ukraynaya göndərilməli, yaxud Ukraynaya daha kiçik mənzilli, lakin yüksək dəqiqlikli raketlər təhvil verilə bilər. Bu silahlarla Ukrayna Rusiya qüvvələrinə qarşı təxribat xarakterli əməliyyatlar həyata keçirə bilər.
Ancaq istənilən halda Trampın Putinə 50 günlük vaxt verməsi – hər nə qədər Rusiyanı şantaj etsə də – bir tərəfdən onu beynəlxalq ictimaiyyətin qarşısında məsuliyyətə cəlb etməkdir. Digər tərəfdən isə, əgər Rusiya bu fürsətdən istifadə etməzsə, ABŞ tərəfindən Ukraynaya dəstəyin daha da güclənəcəyinə işarədir. Tramp bunu da bilir ki, əgər Rusiya geri çəkilməsə, Braziliya, Hindistan və Çin kimi ölkələr də ikinci dərəcəli sanksiyalara məruz qala bilər. Bu isə qlobal iqtisadi münasibətlərdə gərginliyə səbəb ola bilər.
Həmçinin, Trampın Rusiya ilə bağlı verdiyi mesajlarda Qara Dəniz donanmasını təhdid etməsi də Rusiya üçün açıq siqnaldır ki, əgər sülh danışıqlarına gəlməsə, hərbi və iqtisadi təzyiqlər artacaq. Digər tərəfdən isə, Rusiya da anlayır ki, bu 50 günlük müddət ərzində qərar verməsə, ABŞ Ukraynaya olan dəstəyi artıracaq və nəticədə Ukrayna Rusiya ərazilərində daha genişmiqyaslı hərbi əməliyyatlar keçirməyə şərait qazanacaq".
Xədicə BAXIŞLI