Ermənistanın Avropa İttifaqına üzvlüyü Cənubi Qafqazda gərginliyi artıra bilər - Mübariz Göyüşlü

Ermənistan Avropa İttifaqının (Aİ) üzvü olmaq istəyir. Bunu ölkənin Baş naziri Nikol Paşinyan elan edib.
Bəs Ermənistan Aİ-yə üzv qəbul edilərsə, bu, hansı nəticələrə səbəb ola bilər?
Redaktor.az-a danışan "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, Ermənistan müstəqil görünmək istəyən ayrı bir ölkədir:
"Bu situasiyada Avrasiya İqtisadi Şurasının üzvü olan Ermənistanın Avropa İttifaqına üzv olması qarışıqlıq yarada bilər. Gərginlik arta bilər. Ermənistan Rusiyanın hakim olduğu ittifaqların üzvü ola-ola onun Avropa İttifaqına üzv olması mümkün ola biləcək məsələ deyil. Bu, Ermənistan üçün çox ciddi problemlər yarada bilər. Rusiya belə olduqda Ermənistanla bağlı sərt addımlar ata bilər. Düşünürəm ki, bu, nəzəri baxımdan mümkün görünür".
Siyasi şərhçinin fikrincə, praktik baxımdan bu, bir qədər real görünmür.
"Təkcə Ermənistan özünü problemə salsa, dərd yarıdır, hardasa bununla razılaşmaq olar. Eyni zamanda bu, Cənubi Qafqazda da gərginliyi artıran məqam ola bilər. Avropa İttifaqına üzv olmaq, NATO ilə əlaqələri genişləndirərək onun Ermənistana cəlb olunması kimi addımlar çox ciddi problemlər yarada bilər", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI