"İsrail Suriya ərazilərinin bir hissəsini işğal altına almaq istəyir" - Politoloq

"İsrail iki gündür Suriyaya hücumu və druziləri qorumaq bəhanəsi altında Suriya Prezident Sarayını və Baş Qərargahını vurması əslində Yaxın Orta Şərqdə ciddi şəkildə vəziyyəti gərginləşdirən bir faktordur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Oqtay Qasımov İsrailin Suriyaya hərbi hücumunu şərh edərkən dedi.
Onun sözlərinə görə, əslində, İsrailin məqsədləri aydındır və İsrail özü təhlükəsizlik problemlərini həll etmək üçün qonşu dövlətlərin, xüsusilə də Suriyanın zəif olmasında maraqlıdır:
"Suriyanın bütövləşməsi və mərkəzi hakimiyyətin güclü olması İsrailin maraqlarına uyğun deyil və bunu öz təhlükəsizliyinə təhdid olaraq görür. Xüsusilə Suriya Prezidentinin keçmiş dönəmdəki fəaliyyətləri və onun terror siyahısına alınması vəziyyəti ciddi şəkildə gərginləşdirir. Suriya üzərində Türkiyə və İsrailin maraqları kəsişməkdədir. Bu iki dövlətin Suriyanın gələcəyi ilə bağlı baxışları tamam fərqlidir. Türkiyə Suriyada unitar və bütün toplumları əhatə edən dövlət hakimiyyəti modelinin qurulmasında maraqlıdır, İsrail isə əksinə".
Siyasətçi vurğuladı ki, dünən həm Türkiyə Prezidentinin açıqlamaları, həm də Yaxın Orta Şərq ölkələrinin verdiyi bəyanatlar bu ciddi narahatlığın ifadəsidir:
"Məhz Əl Şaraa hakimiyyətinə münasibətdə bir-birinə düşmən olan və 12 gün savaş aparan İran və İsrailin da mövqeləri üst-üstə düşməkdədir. İsrail hələ dekabr ayında Suriya ərazilərinə hava hücumları təşkil edərək Suriyanın bütün hərbi potensialını məhv etməyi qarşısına məqsəd qoyub. Ona görə də daha çox zərbələr vuraraq öz maraqlarını təmin etməyə çalışır və Suriyanın ərazilərinin bir hissəsini işğal altına almaq istəyir. İsrail Baş nazirinin bəyanatı da məhz bunu göstərir".
Nuriyyə NATİQQIZI