Zəngəzur bir çox ölkələri birləşdirəcək - Prezident

Zəngəzur bir çox ölkələri birləşdirəcək.
Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Zəngəzurda nəqliyyat yolundan danışanda təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşməsindən danışmırıq.
“Söhbət beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizindən gedir”.
Prezident bildirib ki, Azərbaycan nəqliyyat-logistika infrastrukturuna çox fəal şəkildə investisiya yatırır.
"Son illər ərzində milyardlarla dollar yatırılıb, Xəzərdə ən böyük beynəlxalq ticarət limanı tikilib", - İlham Əliyev bildirib.
O, həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin ötürücülük qabiliyyətinin potensialı ilkin mərhələdə Azərbaycan tərəfindən 15 milyon ton həcmində qiymətləndirilir.
İlham Əliyev, Azərbaycanın Ermənistan və İranla sərhəd qovşağına qədər dəmir yolunun tikintisini demək olar ki, başa çatdırdığını vurğulayıb.
"Yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında, bu dəmir yolunun Azərbaycan hissəsi tikiləcək", - o bildirib.