"Ermənistan yenə öz ampluasındadır" - Deputat

Azərbaycan Prezidenti cənab İlham Əliyev III Şuşa Qlobal Forumunda Əbu-Dabidə Ermənistan baş naziri Nikol Paşinyanla aparılan danışıqlarda nələrdən danışıldığına və qarşı tərəfdən nə istənildiyinə aydınlıq gətirdi. Bir cümlə ilə desək, Azərbaycan sülh anlaşmasını imzalamaq üçün "separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər" istəyir. Yəni Ermənistan konstitusiyası dəyişməlidir. Niyə dəyişməlidir? "Məntiq sadədir. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, - Minsk qrupu isə Qarabağ münaqişəsi üçün yaradılmışdı, - demək, onu ləğv etmək lazımdır. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın”.
Bu, haqlı tələbdir və bir tərəfdən beynəlxalq hüquqa, digər tərəfdən reallığa dayanır. Reallıq isə ondan ibarətdir ki, qarşı tərəfə etimad hansı səviyyədə idisə, o səviyyədə də qalır. Ona görə qalır ki, cənab Prezidentin də vurğuladığı kimi Qarabağ məsələsində bizim mövqeyimiz heç vaxt dəyişmədiyi halda, ermənilərin mövqeyi dəyişib. "Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir qarantiya var?... Mənim belə bir təminatım yoxdur", - deyir dövlət başçımız.
Əbu-Dabi danışıqlarından sonra Avropaya havadarlarının yanına gedən Paşinyan oradan geri dönər-dönməz, Belçika parlamentinin Makronun qələmindən çıxmış cızmaqara təsiri bağışlayan qətnaməsi, ölkəmizə qarşı yönələn başqa addımlar da göstərir ki, qarşı tərəf yenə öz ampluasındadır, demək, onlara güvən də elə həmən o "sıfır səviyyəsində" qalmalıdır.
Sahib Alıyev,
deputat