"Bu, uşaq bağçası səviyyəsində hekayədir" - Prezidentdən Rusiyaya CAVAB

 10:04 20.07.2025     239

"Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir".

Redaktor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda jurnalistin "AZAL şirkətinə məxsus təyyarə ilə bağlı insidentlə əlaqədar Azərbaycanın şərtləri, tələbləri Rusiya tərəfindən qəbul edilibmi?" sualını cavablandırarkən bildirib.

"Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir. Əlbəttə, mən bu haqda daha təfərrüatlı danışa bilərəm. İstəyirsinizmi mən bu haqda daha çox danışım, daha təfərrüata varım?

Bu məsələyə daha bir neçə dəqiqə həsr etmək istəyirəm. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər və tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal oraya - Aktauya heyət göndərdik. Onlar çəkiliş aparırdılar və gördülər ki, təyyarənin füzulyajı dəlmə-deşik edilmişdir və hətta təyyarədə olanların iki nəfəri də qəlpə yarası almışdır. Guya, Ukrayna dronu bizim təyyarəmizlə toqquşmuşdur. Bu gülünc bir iddia, təklif, versiya idi.

Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu, uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib. Bundan başqa, Rusiya hava məkanı bağlanmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdır və bu da məsuliyyətdir. Həmin o şəxslər “xalça əməliyyatı”nı vaxtından gec elan ediblər. Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil", - deyə dövlət başçısı əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən