Xamenei müşavirini Putinlə görüşə niyə göndərib?

İranın ali rəhbəri Əli Xamenei öz müşavirlərini əsasən Rusiyaya göndərir. O bu dəfə baş müşaviri Əli Laricanini Kreml sahibi Vladimir Putinlə görüşə göndərib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Laricaninin Putinlə görüşü İran rəhbərliyinin birbaşa tapşırığı ilə həyata keçirib. Maraqlıdır, görəsən ali rəhbər müşavirlərini Kreml sahibi ilə görüşə göndərəndə, məqsədi barədə Prezidenti məlumatlandırır? İran Konstitusiyasında əsas fiqurun ali rəhbərin olduğu bəllidir. Ancaq axı İran Prezidentinə tabe olan xarici işlər naziri var və ölkənin xarici siyasətinə o cavabdehdir. Azərbaycana baxışda İrandakı paralel strukturların fərqini gördük. İranın xarici işlər naziri Abbas Əraqçının çıxışlarında və açıqlamalarında Azərbaycana iradı olmazkən, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayət bir neçə gün əvvəl Pakistanın daxili işlər naziri ilə görüşdə ona Azərbaycandan şikayət edib. Bunun özü də maraqlıdır ki, müşavir Azərbaycanla bağlı “iradlarını” Pakistanın nazirinə niyə bildirib? Pakistan Azərbaycanın strateji tərəfdaşıdır və İslamabad Vilayətinin “iradlarını” təkrarlamayacaq. Görünür, Vilayəti ali rəhbərin Azərbaycanla bağlı “iradlarını” dolayı yolla Bakının diqqətinə çatdırmaq istəyib. Ancaq həmin “iradlar” məntiqsiz olduğuna görə, Bakı onlara əhəmiyyət verməyib. Bakının tərəf müqabili Qum deyil, Tehrandır.
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda İranın “Mehr” agentliyinə müsahibəsində İranla münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. İlham Əliyev buna misal olaraq İran Prezidenti Məsud Pezeşkianın Xankəndinə səfərini göstərib. Bu Pezeşkianın qısa müddətdə Azərbaycana ikinci səfəri idi. Həqiqətən iki ölkə Prezidenti arasında isti münasibətlər formalaşıb. Ancaq İrandakı mühafizəkarların bu münasibətlərə çomaq soxmağa çalışması da ortadadır. Bu dairələr Pezeşkianın Azərbaycana səfərini tənqid atəşinə tutublar. Onların “məntiqinə” görə İran Prezidenti Xankəndinə getməməli və İlham Əliyevlə səmimi görüş keçirməməli idi. Bax elə bu cür siyasətə görə, İran qonşu ölkələrlə sabit münasibətlər qura bilmir. Halbuki Pezeşkiana mane olmasalar, o qonşularla sıx münasibətlərin formalaşdırılması tərəfdarıdır.
Elxan Şahinoğlu,
politoloq