"Rusiya münasibətlərinin gərginləşməsinə səbəb olan hərəkətlərdən uzaq durmalıdır" - Deputat

"Qroznı səmasında vurulduğu AZAL-a məxsus təyyarəyə görə kompensasiyanın ödənilməsi Rusiya üçün heç də böyük bir çətinlik yaratmır. Burada təkcə kompensasiyadan söhbət getmir. Həm də Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir".
Bu fikirləri Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Rusiya üçün ən çətin və qəbuledilməz sayılan məsələ, məsuliyyətini etiraf edərək Azərbaycandan üzr istəməsidir:
"Çünki Rusiya hələ də imperiya təfəkküründədir və hesab edir ki, o boyda böyük ölkə balaca bir Azərbaycan qarşısında günahını necə etiraf etsin?! Amma anlamır ki, biz XXI əsrdə yaşayırıq və sovetlərin tərkibində yaşamış respublikalar artıq müstəqildirlər. Hər bir respublika müstəqil ölkə kimi BMT-nin üzvüdür və beynəlxalq hüquq qarşısında hamı bərabərdir. Yəni burada “böyük-kiçik qardaş”, “bizim dediyimiz kimi olmalıdır” təfəkkürü olmamalıdır".
Millət vəkili qeyd etdi ki, Azərbaycan özünə hörmət qoydura bilən və dünyada qəbul olunmuş etibarlı tərəfdaşdır.
"2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı üzərində heç bir tanıma nişanı olmadan Ermənistanın hərbi kolonunu müşayiət edən helikopteri vurduğuna görə Azərbaycan məsuliyyəti üzərinə götürdü və münasibətləri gərginləşdirməmək üçün bütün prosedurları icra etdi. Həmçinin 2023-cü ilin 20 sentyabrında antiterror tədbirləri ilə bağlı, Rusiyanın sülhməramlılarına dislokasiya yerini tərk etməməsi ilə bağlı qabaqcadan məlumat verilməsinə baxmayaraq, özbaşına hərbi əməliyyatların keçirildiyi əraziyə daxil olmuş hərbçiləri səhvən vurduğuna görə də münasibətləri gərginləşdirməmək üçün Azərbaycan bütün lazımi addımları atdı", - deyə o xatırlatdı.
A.Badamovun sözlərinə görə, indi isə Azərbaycanın tələb etdiyi qeyri-adi bir şey yoxdur:
"Sadəcə, hər bir müstəqil dövlətin görülməli olduğu məsələləri Rusiyadan tələb edirik. III Şuşa Qlobal Media Forumunda dövlət başçımızın səsləndirdiyi fikirlər beynəlxalq hüquqa və ədalətə əsaslanır. Təyyarəyə görə müvafiq prosedurlar icra edilməyəcəyi təqdirdə, mübahisənin beynəlxalq məhkəmə müstəvisində həll olunması üçün müraciət etmək Azərbaycanın hüququdur. Amma Rusiya öz səhvini başa düşərək Azərbaycana siyasi təzyiq göstərmək cəhdlərindən çəkinməli, günahını etiraf etməli və müvafiq addımlar ataraq yaxın qonşuluq münasibətlərinin gərginləşməsinə səbəb olan hərəkətlərdən uzaq durmalıdır".
Nuriyyə NATİQQIZI