"Ukrayna Rusiyanın uzaq məsafələrinə zərbələr endirəcək" - Hərbi ekspert

 13:43 21.07.2025     134

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirməyə davam edəcək. 

Yenidən Ukrayna Rusiya dərinliklərinə hücum edə bilərmi?

Redaktor.az-a danışan hərbi ekspert Azad İsazadə bildirdi ki, Ukrayna Rusiyanın uzaq məsafələrinə zərbələr vuracaq:

"Söhbət piyada qoşunların hücumundan getmir, söhbət hava zərbələrindən gedir. Amma bu məsələyə daha geniş baxsaq, Rusiya-Ukrayna müharibəsi faktiki onlayn rejimdə gedir. Biz canlı rejimdə bunu görürük. Bir şeyi başa düşməliyik ki, real qaynar müharibə ilə paralel mətbuat müharibəsi də gedir. Məsələn, bizim müharibə ilə müqayisə eləsək, Ermənistan da, Azərbaycan da əvvəlcədən heç nə bəyan etmirdi. Adətən biz zərbə vurandan sonra nəyisə göstərirdik. Bəlkə bir sutka gec deyirdik".

Hərbi ekspert qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsində hər şey praktiki olaraq onlayn getdiyinə görə, təkcə Zelenski yox, Ukraynanın generalları, kəşfiyyat rəisi də faktiki hər gün şərh verir.

"Halbuki digər ölkələrin hərbi kəşfiyyat rəisinin heç adını da bilmirik. Amma Ukraynanın hərbi kəşfiyyat rəisinin sifətini də görmüşük, canlı danışıb da, ona sui-qəsd olanda da bunu hamı müzakirə edib. Nümunə gətirirəm ki, yəni informasiya müharibəsi çox ciddi gedir. Zelenski açıqlama verməklə Rusiya və Rusiya əhalisinə bir mesaj göndərir. Əlavə olaraq ABŞ-yə də mesaj göndərir ki, siz kömək etdiniz-etmədiniz, biz müharibəni davam etdirəcəyik", - deyə A.İsazadə bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən