"Zəngəzur dəhlizi qlobal tədarük zəncirlərindəki sistemə yeni baxış gətirən layihədir"

Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək.
Dövlət başçısının açıqlamasını Redaktor.az-a şərh edən politoloq Aqşin Kərimov bildirdi ki, Azərbaycan Zəngəzur dəhlizinə regional əlaqələrin formatlanması, genişlənməsi, onların yeni qlobal nizama uyğunlaşdırılması üçün strateji yol kimi baxır:
"Bu, Azərbaycanın qlobal siyasətdəki çəkisini artıran mühüm faktor olaraq diqqət mərkəzinə düşür. Çünki Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına quru əlaqəsi deyil, eyni zamanda qlobal tədarük zəncirlərindəki sistemə yeni baxış gətirən layihədir. Buna görə də, Azərbaycan Zəngəzur dəhlizi layihəsini sabitliyin, təhlükəsizliyin, regional yenidənqurmanın gücləndirilməsi vasitəsi kimi beynəlxalq gündəlikdə əhəmiyyətli mövqelərə yerləşdirir".
Müsahibimiz vurğuladı ki, bu, uzunmüddətli perspektiv üçün effektiv strategiya olaraq çoxqütblü əməkdaşlıq formalarını Azərbaycanın və onun strateji müttəfiqi Türkiyənin koordinasiyalı fəaliyyət rejiminə uyğunlaşdırır.
"Zəngəzur dəhlizi bununla bərabər regiondakı təhlükəsizlik boşluqlarına sızaraq geosiyasi təsir qazanmaq istəyən rəqib təsirlərə qarşı mübarizə üsullarını da yeniləyir. Azərbaycanın bu strateji məntiqlərdən irəli gələrək "Zəngəzuru müdafiə doktrinası"nı gücləndirdiyi görünür", - deyə A.Kərimov əlavə etdi.
Nuriyyə NATİQQIZI