"Səfirliyin ətrafını vurmaqla sanki Azərbaycanın geri addım atacağını gözləyirlər" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Kiyevdə Azərbaycan səfirliyinin ətrafı Rusiya ordusu tərəfindən raket atəşinə tutulub.
Bəs bu hücum təsadüfdür, yoxsa Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbayacana verilən mesajdır?
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bildirən siyasi şərhçi Həşim Səhrablı qeyd etdi ki, istər hərb meydanında, istərsə də siyasətdə təsadüf bir reallıq deyil:
"Ona görə də, Ukraynada Rusiya xüsusi olaraq Azərbaycanın diplomatik korpusunun yerləşdiyi ərazinin yaxınlığını hədəfə alıbsa, bu o deməkdir ki, Rusiya tərəfi Azərbaycana göz dağı verməyə çalışır. Bunu mesaj kimi qəbul etməliyik. Rusiya dövləti ənənəvi siyasət yürütdüyü üçün yeni dünya ilə ayaqlaşa bilmir. Səfirliyin ətrafını vurmaqla sanki Azərbaycanın geri addım atacağını gözləyirlər. Lakin belə bir şey mümkün deyil. Rusiyanın timsalında bu hərəkəti dəfələrlə görmüşük. 1990-cı illərdə biz Qarabağı ermənilərə uduzmamışdıq, ermənilərin elə bir gücü, yaxud da iradəsi yox idi. Rusiya elə bilir, Azərbaycan əvvəlki Azərbaycandır. Lakin anlaya bilmir ki, Azərbaycan Çindən Britaniyaya qədər layihələrə qoşulur. Xarici dövlətlərlə çox yaxşı münasibətləri var. Ona görə də, hər hansı bir mesajın ötürülməsi Azərbaycanı öz yolundan döndərə bilməz".
Nuriyyə NATİQQIZI