"Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdə keyfiyyətcə yeni mərhələ başlaya bilər" - Politoloq

 20:21 22.07.2025     102

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərini sosial media platformasında paylaşdığına görə minnətdarlığını bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki,  Trampın Azərbaycan Prezidentinin onunla bağlı söylədiyi fikirləri paylaşması və qarşılığında Prezident İlham Əliyevin Trampa təşəkkür etməsi məncə, dövlətlərarası münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

"Məlum olduğu kimi, ABŞ-nin keçmiş prezidenti Co Bayden dövründə ABŞ-Azərbaycan münasibətləri Bayden–Blinken cütlüyünün yürütdüyü siyasət nəticəsində xeyli gərginləşmiş və demək olar ki, sınıq vəziyyətə gəlmişdi. Lakin Trampın hakimiyyətə dönüşü ilə bu vəziyyət dəyişməyə başlayıb. Bu, cənab Prezidentin Şuşada keçirilən beynəlxalq forumdakı çıxışında da hiss olunurdu. Təbii ki, iki dövlət arasındakı münasibətlərin formalaşması, ilk növbədə, həmin dövlətlərin idarəetmə mexanizmlərinin başında dayanan şəxslərdən asılıdır. Bu da münasibətlərin gələcək inkişafına təsir göstərən əsas amillərdən biridir.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ABŞ-nin idarəetmə sistemi fərqli mexanizmlərlə işləyir. Orada bir neçə mərkəz, istiqamət və siyasi qol var".

Politoloq düşünür ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdə keyfiyyətcə yeni mərhələ başlaya bilər, lakin bu, münasibətlərin tamamilə mükəmməl və problemsiz olacağı anlamına gəlmir.

Vətən Səsi | Onlayn qəzet

"Çünki hər bir dövlətin öz maraqları var və bu maraqların qorunması dövlət siyasətinin əsas istiqamətidir. Təbii ki, son vaxtlarda Trampın Ermənistanla sülh müqaviləsi ilə bağlı verdiyi bəyanatlar da münasibətlərə təkan verən mühüm amillər sırasındadır.

Bütün bunları nəzərə alaraq, ABŞ-Azərbaycan münasibətlərinin son dövrdəki inkişafını ümumilikdə müsbət qiymətləndirmək olar", - deyə Samir Hümbətov bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən