"Rusiyanın iqtisadi və hərbi vəziyyəti müharibənin uzanmasına uyğun deyil"

İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək.
Bəs budəfəki görüşdən nə gözlənilir?
Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, Rusiya və Ukrayna arasında aparılan danışıqların sülhlə yekunlaşması hazırda o qədər də inandırıcı görünmür:
"Son məlumatlara görə, İstanbul görüşünün növbəti raundunda Rusiya və Ukrayna daha çox humanitar mövzuları müzakirə etmək niyyətindədirlər. Əsirlərin və məhbusların dəyişdirilməsi məsələsi gündəmin əsas mövzusu olacaq, deyə məlumatlar mövcuddur. Ancaq atəşkəs və ümumi sülhlə bağlı məsələ böyük ehtimalla müzakirələrdə gündəmə gətirilməyəcək. Ümumiyyətlə, son hadisələr onu göstərir ki, Rusiya tərəfi sülhə hazır deyil. Kreml üçün sülh anlaşması Rusiyanın bütün şərtlərinin Ukrayna və Qərb tərəfindən qeyd-şərtsiz qəbul olunması ilə xarakterizə olunur".
Müsahibimiz bildiridi ki, Kreml yalnız Rusiyanın şərtlərinin tam qəbul olunacağı təqdirdə sülhə razılaşacağını bildirir:
"Təbii ki, həm Ukrayna, həm də Qərb bununla razılaşmaq niyyətində deyil. Bunu büruzə verirlər. Son vaxtlar ABŞ və NATO üzvü dövlətlər Ukraynaya silah yardımı göstərir. Amerika silahları Avropa dövlətlərinə satır, onlar isə silahları Ukraynaya göndərir. Rusiya əslində sülhlə maraqlıdır. Çünki Rusiyanın iqtisadi və hərbi vəziyyəti müharibənin uzanmasına uyğun deyil".
Aytəkin TOFİQQIZI