"Prezidentin verdiyi cavab işğalçı ölkələrə yönəlik bir xəbərdarlıq idi" - AÇIQLAMA 

 21:38 22.07.2025     137

Məlum olduğu kimi, Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev ukraynalı jurnalist Dmitri Qordonun “Siz qalib ölkənin rəhbərisiniz, Ukraynaya nə məsləhət görərdiniz?” sualına “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik” cavabını verib. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirdi ki, keçirilən Media Forumda Prezident İlham Əliyevin çıxışları və verdiyi cavablar böyük həqiqətləri və reallıqları əks etdirirdi:

"Bu çıxışlarda həm də yeni dünyanın real quruluşunun arxitekturası öz əksini tapmışdı. Çünki əvvəlki dövrlərdə həyat və dünya düzəni tamam fərqli idi. Lakin artıq 21-ci əsrdə yeni bir dünya düzəni qurulmaqdadır.

Bu yeni quruluşda hər bir ölkə öz ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olmalıdır. Məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu, 21-ci əsrdə doğrudan da çox böyük bir nailiyyətdir.

Hər kəs bilirdi ki, Ermənistanın arxasında dayanan güclər mövcud idi. Buna baxmayaraq, Azərbaycan işğalla heç vaxt barışmadı. 30 il ərzində torpaqlarımızın işğal altında qalmasına baxmayaraq, biz bu faktı qəbul etmədik. Gecə-gündüz çalışdıq, iqtisadiyyatımızı gücləndirdik, siyasi sabitlik yaratdıq, yeni gənclik və güclü ordu formalaşdırdıq. Bütün bunların nəticəsində torpaqlarımızı işğaldan azad etdik".

Politoloq qeyd etdi ki, Azərbaycanın qələbəsi bir çox ölkə üçün, o cümlədən Ukrayna üçün də nümunədir.

"Ukraynalı jurnalistin forum zamanı verdiyi sual da məhz bu baxış bucağından irəli gəlirdi. Prezidentin verdiyi cavab isə yalnız Ukraynaya deyil, digər ölkələrə də ünvanlanmış mühüm mesaj idi. Bu, həm də işğalçı ölkələrə yönəlik bir xəbərdarlıq idi: işğalın sonu yoxdur və bu cəhdlər beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur.

Bugünkü reallıqda, Rusiya-Ukrayna müharibəsində də aydın görünür ki, dünya ictimaiyyəti Ukraynanın işğalı ilə barışmır. Bu baxımdan Prezident İlham Əliyevin verdiyi mesajlar təkcə Ukrayna və Rusiya məsələsinə deyil, ümumilikdə bütün ölkələrə ünvanlanmış çağırışdır – işğalla barışmaq olmaz.

Hesab edirəm ki, bu çıxışlar sosial şəbəkələrdə və beynəlxalq platformalarda yüksək qiymətləndirilib. Ümid edirəm ki, gələcəkdə Ukrayna da öz torpaqlarını işğaldan azad edəcək və azad, suveren Ukrayna quracaq", - deyə Elşad Həsənov bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən