Suriya ətrafında dəyişən mövqelər - Politoloq AÇIQLADI

ABŞ, İsrail və Suriya rəsmiləri iyulun 24-də Suriyanın cənubunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşəcəklər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, ABŞ Suriyadakı hakimiyyəti tanıyır, eləcə də ABŞ İsrailin Suriyada keçirdiyi hərbi əməliyyatları dəstəkləmədiyini bəyan edir və hesab edir ki, Suriya ilə İsrail arasında təhlükəsizlik məsələsi ilə bağlı anlaşılmazlıqlar müzakirə yolu ilə həll oluna bilər:
"Buna görə də belə bir görüş keçirilməsi daha məqbul sayılır. Hətta mətbuatın yazdığına görə, belə bir görüşün Bakıda keçiriləcəyi də istisna olunmur. Bu nə deməkdir? Bu o deməkdir ki, İsrailin Suriyaya qarşı atdığı addımlar ABŞ tərəfindən məqbul sayılmır və Suriyadan tələb olunan məsələlərin həlli üçün müzakirələr aparılır. ABŞ-nin Suriyadan konkret tələbləri var. Bu, əsasən ordu quruculuğu, etnik və məzhəbi məsələlər, eləcə də təhlükəsizlik sahəsini əhatə edir.
Hesab edirəm ki, bu məsələlərdən biri də Colan təpələri ilə bağlı ola bilər. Çünki bu ərazilər 1967-ci ildə İsrail tərəfindən nəzarətə alınıb və İsrail buranı artıq öz ərazisi hesab edir. ABŞ da bu əraziləri İsrailin ərazisi kimi tanıyır. Lakin Əhməd Əl Şaraa hakimiyyətə gələndən sonra bəyan etdi ki, İsrail onlar üçün təhlükə mənbəyi deyil və özləri də İsrail üçün heç bir təhlükə yaratmırlar. Colan təpələrinin isə gələcəkdə müzakirə edilə biləcəyini qeyd etdi".
Politoloqun sözlərinə görə, yaranmış vəziyyətdən İsrail istifadə edərək Colan təpələri ilə bağlı məsələnin də həllinə nail olmağa çalışır.
"Bu baxımdan həm druzlardan, həm də PKK-nın Suriyadakı törəmələri olan YPG və PYD-nin yaratdığı Suriya Demokratik Qüvvələrindən mərkəzi Dəməşq hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə olunur. Bu il daha bir hadisə meydana gəldi ki, bu da Türkiyənin təhlükəsizliyini təmin etmək məqsədilə Suriyaya mümkün hərbi müdaxilə məsələsi idi. Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan etdi ki, ölkəsi üçün təhlükə yaranacağı halda Suriyaya müdaxilə edə bilərlər.
Bu gün, iyulun 23-də isə Suriya hökuməti rəsmi şəkildə Ankaraya müraciət edərək daxili təhlükəsizliyini təmin etmək üçün Türkiyədən hərbi dəstək istəyib. Bu, onu göstərir ki, perspektivdə Suriyadakı vəziyyəti normallaşdırmaq üçün həm diplomatik müzakirələr, həm də güc tətbiqi paralel şəkildə davam etdiriləcək.
Razılaşmalara gəlincə, Suriyanın ərazi bütövlüyü və suverenliyi məsələsi beynəlxalq ictimaiyyət, o cümlədən Türkiyə və ABŞ tərəfindən birmənalı şəkildə tanınır. Bu səbəbdən ərazi bütövlüyü müzakirə mövzusu olmayacaq. Lakin Colan təpələri, druzlar, ələvilər və kürdlərlə bağlı hüquqlar sahəsində müəyyən anlaşmaların əldə olunması mümkündür", - deyə Sədrəddin Soltan bildirdi.
Xədicə BAXIŞLI