Qəzzada soyqırım və diplomatik çıxılmazlıq: Uitkoffun vicdanlı, amma çarəsiz səyləri

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzza bölgəsinə gedib.
Donald Tramp xüsusi elçisini Qəzzaya göndərməklə HƏMAS və İsrail arasında atəşkəsin əldə edilməsinə nail ola biləcəkmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov bildirdi ki, Uitkoff çox uğurlu danışan və danışıqlar aparan bir nümayəndədir.
"Bəli, onun çox güclü aurası, yüksək mədəniyyəti və diqqətçəkici bir obrazı var. Ancaq o, sırf siyasətçi deyil. Tramp və onun ətrafı, onu müəyyən siyasi məqsədlərlə yükləməklə, əslində Uitkoffun bu nəcib obrazından sui-istifadə etməyə çalışırlar.
İstər İran, istər Qəzza, istərsə də ümumilikdə Yaxın Şərq istiqamətində Uitkoff vicdanla öz vəzifəsini yerinə yetirir. Amma danışıqları başa vurub geri qayıtdıqdan sonra ona “sürprizlər” edirlər. Yəni deyirlər ki, sən danışıqlar apardın, nəticə əldə etdin, sağ ol, amma planımız artıq dəyişib. Bu halda Uitkoff heç nə edə bilmir. Çünki avqust ayı ümumiyyətlə yəhudi sağ cinahı, xüsusilə də ultra-ortodoks dairələr üçün çox vacib aydır. Onlar məhz avqust ayında Əl-Əqsa məscidi məsələsini "həll etmək" niyyətindədirlər. Bu planı da gizlətmirlər. Belə ki, müqəddəs inəyi qurban verməklə Əl-Əqsa məscidini və Qəsr platformasında yerləşən Ömər məscidini ya köçürmək, ya da tamamilə dağıtmaq niyyətindədirlər. Onlar Moşiaxın gəlişini gözləyirlər. Biz müsəlmanlar Allahın elçisini, xristianlar İsa peyğəmbəri gözlədiyi kimi, onlar da Moşiaxın gələcəyinə inanırlar".
Politoloq qeyd etdi ki, hazırda yəhudilər bu prosesi tələsdirməyə çalışırlar.
"Ultra-sionist təşkilatlar, xüsusilə lyubaviç yəhudiləri bu məsələni sürətləndirmək istəyirlər ki, guya Moşiaxın gəlişinə şərait yaratsınlar. Amma bunlar, əslində, yalnız xülyalardır. Faktiki olaraq gündəmdə olan məsələ Fələstin xalqının, xüsusilə Qəzza əhalisinin soyqırımıdır. Onlar müxtəlif üsullarla burada etnik təmizləmə həyata keçirməyə çalışırlar, bir tərəfdən insanları bölgədən çıxarırlar, digər tərəfdən isə onları fiziki olaraq məhv edirlər. Uşaqları güllələyirlər və bunu da İsrailin "özünü müdafiəsi" kimi qələmə verirlər. Bu isə riyakarlığın, yalanın və avantüranın ən iyrənc təzahürüdür. Uitkoff bu situasiyada vicdanla missiyasını yerinə yetirsə də, inanmıram ki, bu missiya uğurlu nəticə versin. Çünki faktiki olaraq nə Tramp, nə də onun komandası – istər dövlət katibi, istər digər müşavirləri – bu məsələdə obyektiv yanaşmır. Onlar Amerikanın “məxməri siyasəti”ni nümayiş etdirməyə çalışsalar da, burada yumşaqlıqdan əsər-əlamət yoxdur.
Əgər 6-7 yaşlı uşaqlar humanitar yardım alıb evlərinə qayıdarkən güllələnirlərsə, burada hansı humanizmdən, hansı yumşaq gücdən danışmaq olar? Bu səbəbdən inanmıram ki, bu proses hər hansı müsbət nəticə versin. Hazırda belə bir əlamət, işartı yoxdur. Tramp güclü siyasətçi olsa da, ABŞ-də fəaliyyət göstərən yəhudi lobbisi onu sıxışdırır, onu küncə sıxmağa çalışır. Elə bu səbəbdən də Netanyahu İrana hücum etdi. Sonra isə 12 günlük müharibədə məğlub olub, Trampın ayaqlarına düşərək yardım istədi ki, bizi xilas elə, İranı sülhə sövq et. Bütün bunlar göstərir ki, onların məqsədləri çox mənfur və təhlükəlidir", - deyə Tofiq Abbasov bildirdi.
Siyasi şərhçinin sözlərinə görə, digər tərəfdən yəhudilər çalışırlar ki, ultra-ortodoks və sionist dairələrin məqsədlərini həyata keçirsinlər:
"Bu isə çox təhlükəli məsələdir. Əgər İsrail Qüdsdə, xüsusilə Əl-Əqsa və Ömər məscidlərinə toxunsa, onları ya dağıtsa, ya da yerlərini dəyişməyə cəhd göstərsə, mən əminəm ki, İslam dünyası bununla barışmayacaq. Bu isə çox ciddi və böyük bir fəlakətə səbəb ola bilər. Elə ona görə də ehtimal edirəm ki, Uitkoff bu günlərdə yəqin ki, elə bir tapşırıq alıb ki, əsasən ultra-ortodoks yəhudi dairələrini razı salmağa və onları radikal addımlar atmaqdan çəkindirməyə çalışsın. Əgər bu baş tutsa, o zaman bu qaynar bölgədə müəyyən bir kompromis və ya konsensus əldə oluna bilər".
Nuriyyə NATİQQIZI