Üfüqdə görünən sülh və ya kompromisə getməyən liderlər - ŞƏRH

 18:19 24.07.2025     228

Ukrayna avqustun sonuna qədər Vladimir Putin və Vladimir Zelenski arasında görüş keçirməyi təklif edib.

Bəs belə bir görüşün reallaşması üçün şərait yetişibmi?

Politoloq Xəyal Bəşirov Redaktor.az-a bildirdi ki, Ukrayna tərəfinin dünən İstanbulda keçirilən görüşdə dövlət başçıları səviyyəsində, Rusiya-Ukrayna prezidentləri səviyyəsində görüşün keçirilməsi ilə bağlı təklifləri olub:

"Əslində, bundan öncə də bənzər təkliflər olmuşdu. Zelenski bir neçə dəfə bəyanat vermişdi ki, Prezident Putinlə görüşə hazırdır. Amma Rusiya tərəfi bu görüş təkliflərinə o qədər də müsbət yanaşmır. Bilirsiniz, hazırkı mərhələdə belə görüşlərin keçirilməsi real görünmür. Yəni belə görüşlər real görünsə, bunun ilk təşəbbüskarı mənim fikrimcə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp olacaq. Və hətta həmin o görüşdə iştirak etməsi ehtimalı da yüksəkdir".

Politoloq Putin-Zelenski görüşünün niyə baş tutmamasından da bəhs etdi.

"Çünki dövlət başçıları səviyyəsində bir görüşün keçirilməsi üçün əvvəlcədən onun nəticələrinin görünməsi lazımdır. Nəticə görünmür, çünki tərəflər bir-birlərinə qarşı ittihamlardan əl çəkmək istəmirlər, kompromisə getməyə meyilli deyillər. Nə Rusiya öz qoşunlarını Ukrayna ərazilərindən çıxarmaq niyyətindədir, nə də təbii ki, Ukrayna öz ərazi bütövlüyünün pozulması ilə barışır. Belə deyim, əgər hətta belə bir görüşün keçirilməsinə razılıq verilsə belə, həmin görüşdə hər hansı bir nəticənin olacağını düşünmürəm. Ən yaxşı halda humanitar və yaxud texniki məsələlərlə bağlı müəyyən bir razılaşma əldə oluna bilər. Ən yaxşı ehtimalla qısa müddətli atəşkəsin əldə edilməsi məsələsi müzakirə edilə və yaxud razılaşdırıla bilər. Amma bu da Rusiya tərəfindən qəbul edilmir. Çünki Rusiya atəşkəsin əldə olunmasına razı deyil. Rusiya Ukraynaya vaxt vermək niyyətində deyil", - deyən X.Bəşirov bu baxımdan hesab edir ki, görüş baş tutsa belə, Rusiya-Ukrayna müharibəsinin gedişində indiki mərhələdə hər hansı ciddi bir dəyişiklik gözləmək düzgün deyil:

"Gələcəkdə vəziyyət dəyişsə, yəni bir müddət sonra döyüş meydanında üstünlük dəyişsə və ya Rusiyaya qarşı tətbiq olunan sanksiyalar nəticəsində Rusiya kompromisə getmək məcburiyyətində qalsa, o halda, bəli, görüşün keçirilməsi mümkün ola bilər və həmin görüşdə hətta atəşkəs məsələsi də müzakirəyə çıxarıla bilər. Ən yaxşı halda hesab edirəm ki, əgər dövlət başçıları səviyyəsində görüş baş tutsa, hansı ki, bu görüşün bugünkü mərhələdə baş tutması çox çətin görünür, hətta real görüş keçirilsə belə, həmin görüşdə əldə olunacaq ən uğurlu nəticə qısa müddətli atəşkəs ola bilər. Amma bu atəşkəsin əldə olunmaması ehtimalı daha yüksəkdir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən