"Trampın verdiyi müddət sona çatanadək, qarşıdurma daha da gərginləşəcək" - Politoloq

"Bir qayda olaraq, aralarında münaqişə olan ölkələrin liderlərinin görüşünün keçirilməsi üçün əvvəlcə müəyyən zəmin formalaşdırılmalıdır. Yəni, hər hansı bir münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunmalı, daha sonra liderlərin görüşü təşkil edilməlidir".
Bunu Redaktor.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Kiyevin avqustun sonuna qədər Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş təklifini şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Ukraynanın bu təklifinin reallaşması üçün Rusiya və Ukrayna arasında problemlərin həlli istiqamətində nəzərəçarpacaq irəliləyiş müşahidə olunmur:
"Xüsusilə İstanbul görüşündə danışıqlar üç istiqamətdə aparılıb: siyasi, humanitar və atəşkəslə bağlı. Ukrayna tərəfinin verdiyi rəsmi açıqlamalara əsasən, yalnız humanitar sahədə əsirlərin dəyişdirilməsi və digər bu qəbildən olan məsələlərlə bağlı müəyyən razılıq əldə olunub. Bu da onu deməyə əsas verir ki, atəşkəslə və siyasi məsələlərlə bağlı heç bir razılaşma yoxdur. Bunun səbəbi isə tərəflərin kompromisə getmək niyyətində olmamalarıdır. Bu vəziyyəti formalaşdıran bir sıra aspektlər mövcuddur. Rusiya tərəfinin maksimalist tələbləri var. Prezident Putin bildirib ki, atəşkəsin əldə olunması üçün Ukrayna Rusiyanın işğalı altında olan Luqansk, Donetsk, eyni zamanda Zaporojye və Xerson vilayətlərini, həmçinin Krımı Rusiyanın tərkib hissəsi kimi tanımalıdır. Xerson və Zaporojye tamamilə boşaldılmalıdır. Avropa İttifaqı və Britaniya tərəfindən Ukraynaya göstərilən hərbi yardım dayandırılmalıdır. Ukraynanın NATO-ya üzvlüyü ümumiyyətlə müzakirə mövzusu olmamalıdır. Bundan əlavə, atəşkəs əldə olunduqdan sonra Rusiyanın tələb etdiyi əsas məsələlərdən biri də Ukraynada seçkilərin keçirilməsidir".
Siyasətçinin sözlərinə görə, Ukrayna tələb edir ki, heç bir ilkin şərt olmadan, qeyd-şərtsiz atəşkəsə imza atılsın və daha sonra müzakirələrə başlanılsın. Lakin o, qeyd etdi ki, Rusiya bu yanaşmanı qəbul etmir.
"Rəsmi Moskva hesab edir ki, əgər qeyd-şərtsiz atəşkəsə razılıq versə, Ukrayna bu fürsətdən istifadə edərək yenidən silahlanacaq və sonradan Rusiyaya qarşı hücumlar təşkil edəcək. Bu baxımdan tərəflər arasında qarşılıqlı tələblərlə bağlı heç bir kompromis yoxdur və bu da sülh prosesini dalana dirəyir. Rusiya görünür ki, hazırda işğalını davam etdirməkdə maraqlıdır. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp hər iki tərəfə 50 günlük vaxt verib. Bu müddət həm də test xarakteri daşıyır. Mənim fikrimcə, bu 50 gün ərzində tərəflər cəbhədə üstünlük əldə edərlərsə, bu, onlara diplomatik masa arxasında daha əlverişli mövqedən çıxış etmək imkanı verəcək. Məhz bu səbəbdən Rusiya hücumlarını davam etdirir və daha çox ərazi işğal etməyə çalışır ki, sonda istədiyi ərazilərlə bağlı Ukraynanı güzəştə məcbur edə bilsin. Ukrayna isə əks-tədbirlərlə cavab verir, Rusiyanın hava və dəniz limanlarına zərbələr endirməklə, eləcə də kəşfiyyat sahəsində üstünlüklər qazanmaqla Rusiyanı zəiflətməyə çalışır. Bu da onu deməyə əsas verir ki, sentyabrın 2-nə qədər, yəni Trampın verdiyi müddət sona çatanadək, qarşıdurma davam edəcək və hətta daha da gərgin hal alacaq.
Sentyabrın 2-nə qədər baş verəcək hadisələr və cəbhədəki real vəziyyət, ehtimal ki, siyasi dialoq üçün həlledici amilə çevriləcək. Bu səbəbdən düşünürəm ki, Ukraynanın avqustun sonlarına nəzərdə tutduğu liderlərin görüşü ilə bağlı təklifinin reallaşma ehtimalı hazırkı şəraitdə çox aşağıdır", - deyə Əli Zülfüqaroğlu vurğuladı.
Nuriyyə NATİQQIZI