Türkiyənin müdafiə sənayesindəki yüksəlişi və siyasi güc mesajı - Türk politoloq açıqladı

 23:26 24.07.2025     293

"Türkiyə son illərdə hərbi müdafiə sistemlərində etdiyi sıçrayışlar və inkişaflarla diqqət çəkir və dünyanın da marağına səbəb olur. Bir zamanlar NATO ölkəsi kimi yalnız ABŞ və digər NATO ölkələrindən aldığı yardımlarla müdafiə sistemlərini qurmağa çalışan bir Türkiyədən, bu gün dünyanın ən mühüm silah ixracatçısı ölkələri sırasına daxil olan bir Türkiyəyə çevrilmişik".

Bu fikirləri Redaktor.az Türkiyəli politoloq İsmail Cingöz İDEF 2025-də imzalanan anlaşmaların siyasi baxımdan necə qiymətləndirdiyi barədə danışarkən bildirdi.

"Bu çərçivədə Türkiyə hər il IDEF müdafiə sərgilərini təşkil edən bir ölkədir. Və Türkiyə 2025-ci il IDEF sərgisində mühüm müqavilələr imzalamışdır. Artilleriya sistemləri üzrə əməkdaşlıq protokolu ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə mühüm bir müqavilə imzalanıb və "Roketsan" şirkətinin idarə heyəti Azərbaycan Müdafiə Nazirliyi ilə mühüm protokollar imzalamışdır.

Türkiyə "Gökbora" adlı görüş məsafəsindən kənar havadan-havaya raket layihəsi ilə böyük təəssürat yaratmış və bu sahədə "Roketsan" ilə müqavilələr imzalanmışdır. Türkiyə "Gökbora" və inkişaf etdirdiyi digər müdafiə sistemləri ilə mühüm müqavilələr imzalayaraq, "biz bu sistemdə varıq və dünyanın müdafiə sahəsində ən mühüm ölkələrindən biriyik" mesajını vermişdir", - deyə o vurğuladı.

Politoloq qeyd etdi ki, bu gün Türkiyə ABŞ-yə top mərmiləri ixrac edən bir ölkə mövqeyindədir:

"Eyni zamanda, Türkiyə Avropada Almaniya kimi bir ölkəyə artilleriya sistemlərinin texnologiya transferini həyata keçirərək, Almaniyada top və top mərmilərinin istehsalı ilə bağlı tələblər alan bir ölkədir. Bununla yanaşı, Avropa ölkələri Türkiyəsiz bir müdafiə sistemi qura bilməyəcəkləri reallığı ilə üzləşiblər. Həmçinin, Türkiyə öz müdafiə sistemlərini və hava qüvvələrini gücləndirmək üçün "Eurofighter" döyüş təyyarələri ilə bağlı müqavilə imzalayan bir ölkədir. Bu gün Türkiyə 180-dən çox ölkəyə silah ixrac edir, dünyanın ən böyük 10 silah ixracatçısı sırasına daxil olub və mövqeyini günü-gündən gücləndirir.

Türkiyənin bu yüksəlişinin eyni zamanda türk qardaşlarına bir güvən verdiyi də unudulmamalıdır. Türkiyə türk cümhuriyyətləri və eyni zamanda Pakistan İslam Respublikası ilə mühüm əlaqələrə malikdir və Pakistanla birlikdə türk cümhuriyyətlərinə çox əhəmiyyətli dəstək verən bir ölkə mövqeyindədir.

Bu gün gəldiyimiz nöqtədə ABŞ, Avropa ölkələri, Rusiya və Çin başda olmaqla heç bir ölkə Yaxın Şərq, Qafqaz, Şərqi Aralıq dənizi və Balkanlar kimi regionlarda Türkiyəsiz hər hansı bir addım ata bilməz vəziyyətə gəlib. Türkiyənin iştirak etmədiyi müqavilələr, demək olar ki, həyata keçmədən başa çatır".

Onun sözlərinə görə, Türkiyə müdafiə sistemindəki güclü strukturu və hərbi təşkilatlanması ilə diqqət çəkməklə yanaşı, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hadisələr, İran-İsrail gərginliyi zamanı, eləcə də Liviya, Misir, Şərqi Aralıq dənizi və Qafqazda axtarılan və vasitəçi olması tələb edilən bir ölkədir.

"Ukrayna ilə Rusiya arasındakı İstanbul danışıqları, həmçinin İran və Avropa ölkələri arasındakı nüvə danışıqlarının həmişə Türkiyədə və İstanbulda keçirilməsinə çalışıldığı görünür.

Türkiyə bu sahədəki gücünü IDEF 2025 sərgisində bir daha nümayiş etdirmiş, müdafiə sistemlərində hansı səviyyəyə çatdığını və Türkiyədəki inkişafları dünyanın diqqətinə çatdıraraq böyük təəssürat yaratmışdır. Bu, Türkiyənin, Türk Dövlətləri Təşkilatının və Pakistanla birlikdə bütün Türk dünyası və qohum icmalarının "biz də yeni dünya sistemində varıq və Türksüz, Türk dünyası olmadan yeni bir dünya sistemi qurula bilməz" mesajını verməsidir. Bu baxımdan bu, çox vacibdir", - deyə İsmail Cingöz bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən