25 ildən sonra ilk görüş: Sülhə yol açılır?

 14:02 25.07.2025     108

Son 25 ildə ilk dəfə İsrail və Suriya nazirləri arasında yüksək səviyyəli danışıqlar həyata keçirilib. Danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsad əl-Şeybani iştirak edib.

Bəs bu danışıqlar iki ölkə arasında sülhə yol aça bilərmi?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, 25 ildən sonra baş tutan danışıqlar prosesini təqdir etmək olar:

"Bu cür təşəbbüsləri müsbət qiymətləndirirəm. Həmişə vurğuladığım kimi, ən pis danışıqlar belə, ən yaxşı müharibə və ya münaqişə variantından daha üstündür. Bu səbəbdən danışıqların aparılmasını müsbət hal kimi dəyərləndirirəm. Lakin nəticələr baxımından nikbin deyiləm. Düşünmürəm ki, İsraillə Suriya arasında 25 ildən sonra yenidən başlanmış bu danışıqlar əhəmiyyətli və dayanıqlı nəticələr verəcək".

Müsahibimiz qeyd etdi ki, qısa müddətli dövr üçün müəyyən razılaşmalar, məsələn, atəşkəs əldə olunması mümkündür.

"Lakin İsrailin işğal etdiyi Suriya torpaqlarından geri çəkilməsi bu danışıqlar çərçivəsində və ya yaxın gələcəkdə keçiriləcək danışıqlarda reallaşacaqmı? Bu ehtimal mənə inandırıcı görünmür. Ona görə də bu proseslərlə bağlı ümidlərim zəifdir. Bəs bu necə mümkün ola bilər? Bu, yalnız İsrailə təsir imkanına malik olan böyük dövlətlərin iştirakı və təzyiqi ilə reallaşa bilər. Əgər həmin dövlətlər İsraildən konkret və qəti şəkildə bu məsələyə son qoymasını tələb edərlərsə, o zaman real nəticələr əldə oluna bilər. Yəni İsrailin bu özbaşına addımlarının qarşısının alınması üçün ona ciddi siyasi və diplomatik təzyiqlər göstərilməlidir. Bu təzyiqlər açıq və məqsədyönlü olarsa, nəticə əldə etmək mümkündür. Əks təqdirdə, bu cür danışıqlardan real nəticə gözləmək çətindir", - deyə M.Göyüşlü vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən