Paşinyan Zəngəzur dəhlizini ABŞ-yə icarəyə verməkdən niyə imtina etdi? - Politoloqdan AÇIQLAMA

Ermənistan ABŞ-nin Sünikdən (Zəngəzur dəhlizinin bir hissəsi ) 42 km-lik yolu icarəyə götürmək təklifini qəbul etməyib.
Ermənistanın bu təklifi rədd etməsi ABŞ-Ermənistan münasibətlərində gərginlik yarada bilərmi, yoxsa bu sadəcə taktiki bir fikir ayrılığı kimi qiymətləndirilə bilər? Eləcə də, bunun Azərbaycana hər hansı bir təsiri ola bilərmi?
Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli bildirdi ki, burada əsas məsələ Azərbaycan-Ermənistan münasibətlərində, xüsusilə də Əbu-Dabi görüşündə verilən mesajlarda hiss olunur ki, ciddi irəliləyiş var.
"Amma bu ciddi irəliləyiş qarşısında sülh prosesini ələ keçirmək istəyən qüvvələr də var. Xüsusən Amerika ilə Rusiya arasında burada ciddi qarşıdurmanın getdiyini də hiss edirik. Və burada ən zəif bənd olan Ermənistan üzərindən əvvəlcə onlar razılaşdılar ki, Amerika burada sərhəd xidməti qursun, bəlkə 100 illik icarə və ya özəl şirkətlə bunu həyata keçirsin. Amma qəfildən Ermənistan tərəfindən o prosesə razı olmamaqla bağlı bir açıqlama verildi. Diqqətlə baxanda görərik ki, Paşinyanın Rusiyaya iki günlük səfəri çərçivəsində bu qərar verildi. Qərarın verilməsinə səbəb Rusiya amilidirmi? Böyük ehtimal, hə. Çünki Rusiya Amerikanın fəallaşması fonunda, birincisi, Ermənistanın Gümrü şəhərində olan hərbi bazaları gücləndirdi. Ora görünür ki, arsenal yığır. Ora arsenal yığır və çoxlu miqdarda təyyarələrlə silahların gətirildiyinin görüntüləri yayıldı.
İkincisi, Rusiya açıq mövqe ilə dedi ki, dəhliz üzərindən bir kommunikasiya xətti fəaliyyətə başlayacaqdırsa, 2020-ci il müharibəsindən sonra razılaşmalara əsasən kommunikasiyaların idarəçiliyi Rusiya sərhəd qoşunlarına verilsin".
Siyasi şərhçinin sözlərinə görə, məsələnin gəlib çıxdığı nöqtə belədir ki, Ukraynada Rusiyanın bataqlığa düşüb çırpınmasından sonra artıq Ermənistan bu ərazidə bir yoxlama məqsədilə Amerika kartını oynamış oldu.
"Amma yekunda, həm də 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilər fonunda Paşinyanın taleyi həll olunacaq. Orada hətta qiyam da gözlənilir. Bir revanş almaq cəhdidir ki, dərhal Moskvaya uçdu, bəlkə Rusiya hakimiyyətilə razılaşsın. Çünki Rusiyanın həm müxalifət üzərində, həm də Ermənistanın kilsəsi, dini hakimiyyət üzərində çox güclü nüfuzu var", - deyə Əziz Əlibəyli bildirdi.
Xədicə BAXIŞLI