Deputat BMT-nin Azərbaycanla bağlı yaydığı sənəddən danışdı: "Tarixi əhəmiyyətə malik hadisədir"

 16:06 25.07.2025     269

Xəbər verdiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, bu, tarixi əhəmiyyətə malik hadisədir.

"Bu, həm hüquqi, həm siyasi baxımdan Qərbi Azərbaycandan zorla deportasiya olunmuş soydaşlarımızın fundamental hüquqlarının beynəlxalq müstəvidə tanınmasına doğru atılmış mühüm addımdır.

Cənab prezidentin bu müraciətində əks olunan əsas fikir doğma torpaqlara qayıdışın insan hüquqlarının tərkib hissəsi kimi tanınması, əslində bütün beynəlxalq hüququn və BMT nizamnaməsinin ruhuna tam uyğun gəlir. Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququ bəşəri dəyərlərin müdafiəsinə çağıran beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır".

Millət vəkilinin sözlərinə görə, BMT-nin bu mövqeyi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasətinin və prinsipial mövqeyinin beynəlxalq miqyasda dəstək qazandığını nümayiş etdirir.

"Bu, həm də Ermənistanın onillərlə davam etdirdiyi etnik təmizləmə və tarixi saxtalaşdırma siyasətinə beynəlxalq cavabın başlanğıcı kimi qiymətləndirilməlidir.

Azərbaycan dövləti Qərbi Azərbaycana qayıdış konsepsiyasını yalnız milli məsələ kimi deyil, ümumbəşəri insan hüquqları çərçivəsində təqdim edir. Bu baxımdan, BMT-nin bu sənədləri rəsmi qeydiyyata alması, təkcə Qərbi azərbaycanlıların deyil, bütün məcburi köçkünlərin haqq səsinin beynəlxalq hüquq məkanında eşidilməsinə xidmət edən ədalətli və mühüm hadisədir", - deyə Günay Ağamalı qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən