"İsrail hərbi təzyiqlərlə danışıqlar masasına qayıtmaq istəyir" - Asif Nərimanlı

 16:28 25.07.2025     164

"Suriya və İsrail nazirləri arasında təmasın yaradılması, qurulması və danışıqların başlanması Suriyadakı gərginliyi müəyyən qədər azalda bilər. Çünki görünür, son hücumlardan sonra əsas variant kimi tərəflər yenidən danışıqlar masasına qayıdırlar. Həmin danışıqlar prosesi isə məhz Bakıda başlanıb".

Bu fikirləri Suriya-İsrail münasibətləri haqqında Redaktor.az-a danışan politoloq Asif Nərimanlı söylədi. Onun sözlərinə görə, son gərginlikdən öncə Əhməd Əl Şaraa israilli rəsmilərlə Bakıda görüşmüşdü:

"Daha sonra bildiyimiz hücumlar başladı. Hücumların davam etməməsi və yekun olaraq tərəflərin təkrar təmasa keçməsi göstərir ki, danışıqlar prosesi əsas prioritet kimi qəbul olunur. Bu isə hesab edirəm ki, Suriyadakı vəziyyətlə bağlıdır:

"İsrail son 2-3 ildə regionda öz hədəflərinə çatmaq üçün daha çox hərbi variantlara üstünlük verir, yəni danışıqlar əvəzinə hərbi müstəvidə həll yolunu seçir. Biz bunu HƏMAS-la başlayan prosesdə, ardınca Hizbullah və digər İrana bağlı proksi qüvvələrə qarşı atılan addımlarda, eləcə də sonda İranla müharibəyə yönələn siyasətdə müşahidə etdik. Bütün bunlar göstərir ki, İsrail daha çox radikal seçimlərə üstünlük verir və problemləri hərbi yolla həll etməyə çalışır. Amma Suriyada İsrailin öz istəklərinə hərbi yolla nail olması daha çətin görünür. Çünki İranın Suriyada Bəşər Əsədin devrilməsindən sonra bölgədən çıxmasına baxmayaraq, onun yerini Türkiyə tutub. Yəni hazırda Türkiyə Suriyada əsas söz sahibidir. İsrail üçün əsas çətinlik də bundan ibarətdir: qarşısında İran deyil, Türkiyə var. Türkiyə ilə hərbi müstəvidə gərginlik İsrail üçün müsbət perspektiv vəd etmir. Bundan əlavə, İsrailin əsas müttəfiqi olan ABŞ, xüsusilə Tramp administrasiyası Türkiyəni dəstəkləyir. NATO üzvü olan Türkiyə ilə qarşıdurma İsrail üçün arzuolunan deyil".

Ekspert qeyd etdi ki, bu baxımdan İsrail adətən qısa müddətli hücumlara əl atır:

"Bu hücumlar vasitəsilə öz tələblərini danışıqlar masasında qəbul etdirməyə çalışır. Son hücumlar və ardınca başlanan təmaslar da bunu göstərir: tərəflər məsələni əsasən diplomatik yolla həll etmək niyyətindədirlər. Lakin bu prosesin nəticə verəcəyi hələ ki, qeyri-müəyyəndir. İsrailin Dəməşq qarşısında irəli sürdüyü tələblərə baxdıqda, danışıqlar yolu ilə qısa müddətdə razılıq əldə olunması çətin görünür. İsrailin həm maksimal, həm də minimal hədəfləri var. Maksimal hədəf Suriyanın federallaşmasıdır. Bu isə yalnız Suriyaya deyil, bölgədə təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən Türkiyəyə də sərf etmir. Çünki federallaşma PKK-nın Suriya qanadı olan PYD/YPG-nin muxtariyyət qazanması deməkdir. Türkiyə isə öz ərazisində PKK-nı zəiflətməyə çalışdığı bir vaxtda sərhədlərinə yaxın ərazidə belə bir muxtariyyətin yaradılmasını qəbul edə bilməz. Bu, həm də Suriyanın ərazi bütövlüyünün pozulması deməkdir ki, Türkiyə bunu da rədd edir. Bu məsələdə Tramp administrasiyası da Türkiyəni dəstəkləyir".

A.Nərimanlı vurğuladı ki, İsrailin minimal hədəfi isə Əsədin devrilməsindən sonra Colan təpələri istiqamətində irəliləmək və Suriyanın müəyyən ərazilərini ələ keçirməkdir.

"İsrail istəyir ki, rəsmi Dəməşq bu ərazilərin İsrailin nəzarətində olduğunu tanısın və bu addımı legitimləşdirsin. Bundan başqa, İsrail druzlara dəstək verərək onlara müəyyən yerli idarəetmə hüquqları tanınmasına çalışır. Druzlar əvvəllər də yaşadıqları bölgədə qeyri-rəsmi şəkildə bu cür səlahiyyətlərə malik olublar. İsrail indi istəyir ki, bu idarəçiliyin rəsmi Dəməşq tərəfindən qəbul olunması təmin edilsin. Bununla da, druzların yaşadığı bölgəni sərhəd təhlükəsizliyi üçün bufer zona kimi istifadə etməyə çalışır. Nəticə olaraq demək olar ki, İsrailin həm maksimal, həm də minimal hədəfləri mövcuddur və bu hədəflər danışıqlar prosesini mürəkkəbləşdirir. Hərçənd tərəflər təkrar təmas quraraq öz tələblərini yenidən irəli sürmək və orta yol tapmaq niyyəti güdürlər. Əgər danışıqlar müəyyən qədər gərginliyi azaldarsa da, nəticə əldə edilməzsə – bu, real görünmür – İsrail müəyyən mərhələdə yenidən Suriyaya lokal hücumlar edə bilər. Amma bu hücumların Suriyadakı mövcud vəziyyəti köklü şəkildə dəyişəcəyi inandırıcı deyil. Bu hücumlar daha çox İsrailin danışıqlar masasında mövqeyini gücləndirməyə hesablanıb", - deyə siyasi şərhçi fikrini tamamladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən