"Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır" - Politoloq AÇIQLADI

 19:59 25.07.2025     87

ABŞ Dövlət katibi Marko Rubionun Tramp administrasiyasının Rusiya, Çin, İran və Venesuelaya qarşı sərt mövqe tutmasında əsas təsir edən fiqurlardan biri olduğu bildirilir. Rubio xarici siyasətdə prinsiplərinə sadiq qalaraq Trampın mövqeyinə yön verib. Onun yaxın çevrəsi hesab edir ki, ABŞ bu ölkələrə qarşı yeni, daha sərt xarici siyasət həyata keçirməyə başlayıb. Rubio administrasiyaya qoşulduqdan sonra miqrasiya siyasətində də dəyişikliklər baş verib, o cümlədən USAID-in yenidən təşkil edilməsi və miqrantlara qarşı ritorikanın sərtləşdirilməsi qeyd olunur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, AmerikadaTramp administrasiyasının tərkibində müxtəlif qruplar var.

"Rubio daha çox sərt siyasətin tərəfdarlarından biridir. Yəni administrasiya birmənalı şəkildə monolit deyil. Bu isə əslində, təəccüblü də deyil. Məsələn, Amerika administrasiyalarında, daha öncəki administrasiyalarda da fərqli qruplar olub. Bu fərqli qruplar, misal üçün, Baydenin dövründə administrasiya daxilindəki qruplar bir çox halda lobbi qrupları kimi qəbul olunurdu. Yəni müxtəlif kənar təsirlərin yaxud qüvvələrin təsiri altında olurdular.

Biz Tramp administrasiyasında lobbi qruplarının təsirini az görürük. Amma ideoloji fərqlər xüsusən xarici siyasət, həmçinin daxili siyasət məsələlərində müşahidə olunur. Yəni daxili və xarici siyasət sahəsində fərqli düşünən qruplar mövcuddur. Bu qruplarda daha loyal yanaşanlar da var, daha radikal siyasətin tərəfdarları da. Rubio radikal siyasətin tərəfdarıdır. Hətta Ukrayna məsələsində, o cümlədən Avropa İttifaqına olan münasibətdə Rubio daha çox “öncə Amerika” siyasətinin tərəfdarındandır. Bilirik ki, bu “öncə Amerika” şüarındakı bu prinsip Trampın seçki kampaniyasında əsas rol oynayıb. Və bu məsələni tam şəkildə, xüsusilə xarici siyasətdə “öncə Amerika” prinsipinə uyğunlaşdırmaq istiqamətində fikir ayrılıqları olub. Yəni administrasiya daxilində bu məsələni daha ehtiyatlı və mərhələli şəkildə həyata keçirmək istəyən qruplar da var. Amma birbaşa bütün addımlarda, bütün siyasətdə “öncə Amerika” prinsipini əsas tutmaq istəyənlər də mövcuddur".

Politoloq qeyd etdi ki, Rubio həmin radikal yanaşmanı dəstəkləyənlərdəndir, yəni sərt siyasət tərəfdarındandır. 

"Misal üçün, Ukrayna məsələsində biz bunu daha açıq görmüşük, o cümlədən Avropa İttifaqına münasibətdə də bu açıq görünür. Hətta Zelenskinin Ağ Evdə Trampla davasında da Rubionun böyük rolu olub. Yəni həmin siyasətin formalaşmasında onun rolu olub. Bu kontekstdə bu informasiyanı doğru hesab etmək olar".

İran məsələsi ilə bağlı politoloq vurğuladı ki, İrana hərbi müdaxilənin danışıqlardan əvvəl və ya sonra edilməsi ilə bağlı Ağ Evdə müəyyən fikir ayrılığı mövcud idi.

"Müəyyən bir qrup danışıqlar başlamamışdan öncə İranı bombalamaq və ona zərbələr endirmək, sonra isə onu masa arxasına gətirib məcbur etmək siyasətinin tərəfdarı idi. Digər bir qrup isə danışıqların davam etdirilməsi və əgər nəticə əldə edilməzsə, hücuma keçilməsi siyasətini dəstəkləyirdi. Rubio o siyasətin tərəfdarı idi ki, İran əvvəlcə bombalanmalıdır, daha sonra danışıqlar masasına gətirilərək məcbur edilməlidir. Həmin dövrdə bu siyasət ön plana çıxmadı. Daha çox danışıqlar prosesinin davam etdirilməsi və nəticə əldə olunmadığı təqdirdə hücumun edilməsi siyasəti üstünlük qazandı. Amma 12 günlük müharibə göstərdi ki, Tramp administrasiyası daxilində İranın bombalanması ilə bağlı radikal siyasətin tərəfdarları ön plana çıxıb və onların fikirləri qəbul olunub.

Biz bu yanaşmanı Rusiya, Çin və Venesuela məsələlərində də görürük. Tramp bir çox hallarda Rusiya və Çinlə bu və ya digər formada danışıqlar aparmağın tərəfdarı kimi çıxış edir. Yəni Tramp administrasiyasında bu mövqeyi dəstəkləyənlər var. Amma Rubio başda olmaqla daha sərt siyasət yürütməyə çalışanlar da mövcuddur ki, bir çox halda onlar Trampın mövqeyinə təsir edirlər. Əslində, Trampın zaman-zaman ritorikasını dəyişməsi də bununla əlaqələndirilə bilər", - deyə politoloq qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən