AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib ki, rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysi yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a danışan politoloq Turan Rzayev bildirdi ki, ortada bir problem var və bu problem Rusiyadan qaynaqlanır:
"Hətta bu, AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra davam edən silsilə problemlərin, faktiki olaraq, Kremldən qaynaqlandığını göstərir. Azərbaycan da, təbii olaraq, Rusiyadan bir cavab gözləyir. Yəni məsuliyyətin üzərinə götürülməsini və hadisənin etiraf edilməsini tələb edir. Burada əsas məsələ nədən ibarətdir? Məsələ ondadır ki, Rusiya Azərbaycanla Moskva Bəyannaməsini imzalayaraq rəsmi şəkildə bərabərhüquqlu müttəfiq olduğunu qəbul edib. Amma buna rəğmən, belə bir hadisədən sonra məsuliyyətdən yayınmağa çalışaraq Azərbaycanı hadisələri oldu-bitdi kimi qəbul etməyə vadar etməyə çalışır. Yəni sanki “heç nə olmayıb” kimi məsələyə yanaşır. Bu, birinci növbədə hadisənin mahiyyətini kiçiltməyə yönəlmiş bir addımdır. İkincisi isə Azərbaycanı ikinci dərəcəli bir dövlət kimi təqdim etmək cəhdidir".
Ekspertin sözlərinə görə, bütün bu proseslərin fonunda Azərbaycan da suveren dövlət kimi beynəlxalq hüquqdan irəli gələn tələblərini irəli sürür.
"Azərbaycan da haqlı olaraq bildirir ki, "mən sənin qonşunam və bu günə qədər Rusiya ilə heç vaxt düşmən münasibətdə olmamışam, heç bir Qərb koalisiyasında yer almamışam, iqtisadi sanksiyalara qoşulmamışam, həmişə Rusiya ilə xoş qonşuluq və bəzən, dostluq münasibətləri saxlamışam".
Amma Rusiya tərəfi, təəssüf ki, uzun illərdir və bu gün də davam edərək, Azərbaycana keçmiş müstəmləkəsi kimi yanaşır və onu bərabərhüquqlu tərəfdaş kimi qəbul etmək istəmir. Bu baxımdan demək olar ki, Azərbaycanın beynəlxalq hüquq müstəvisində məsələyə yanaşması tamamilə doğrudur. Rəsmi Bakı haqlı olaraq Rusiyanın məsuliyyəti üzərinə götürməsini tələb edir və bu yanaşma beynəlxalq münasibətlər kontekstində tam əsaslıdır. Eyni zamanda Bakı bu mövqeyi ilə bir mesaj da verir: bunun ardı olacaq. Yəni bu məsələ burada bitməyəcək. Əgər Rusiya məsuliyyətdən yayınmağa çalışsa və gərginliyi artırsa, Bakı da buna uyğun şəkildə cavab verəcək. Söhbət təbii ki, hərbi eskalasiyadan və ya müharibədən getmir, bu, aydındır. Amma münasibətlərin pozulması Rusiyanın maraqlarına uyğun deyil. Çünki Rusiyanın Azərbaycanı itirməsi, faktiki olaraq, Cənubi Qafqazı itirməsi deməkdir. Kremlin bunu gözə alıb-almayacağını zaman göstərəcək. Amma Bakının məsələyə yanaşması birmənalı və dəyişməzdir", - deyə T.Rzayev vurğuladı.
Nuriyyə NATİQQIZI