Suriyada parlament seçkilərindən gözləntilər - ŞƏRH

 22:19 28.07.2025     176

"Suriyada keçiriləcək ilk parlament seçkilərini yalnız Əhməd Əl Şaraa və ya yeni administrasiya mərkəzli şəkildə dəyərləndirmək doğru olmaz. Etiraf edilməlidir ki, yeni hakimiyyət orqanlarının, xüsusilə də Əl Şaraanın bu seçkilərə təsiri şübhəsizdir. Yeni və daha güclü, mərkəzləşmiş bir Suriya dövləti qurmaq üçün yeni rəhbərlik parlamentdə həm say baxımından üstünlük əldə etməli, həm də siyasi təsir gücünə sahib olmalıdır".

Bu fikirləri Suriyada yeni administrasiya dövründə sentyabr ayında keçiriləcək ilk parlament seçkiləri ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Həşim Səhrablı bildirdi. Onun sözlərinə görə, Əhməd Əl Şaraa Suriyanın daxili və regional reallıqlarını da nəzərə almaq məcburiyyətindədir:

"Yeni parlament formalaşdırılarkən o, siyasi mövqeyindən istifadə etməklə həm region ölkələrinin, həm də Suriyada təsir imkanlarına malik digər dövlətlərin maraqlarını nəzərə almağa çalışacaq. Bu, həmin dövlətlərin özlərini yeni hakimiyyətin tərəfdaşı kimi görməsinə şərait yaradacaq".

Müsahibimiz qeyd etdi ki, parlamentə təsir imkanına malik müxtəlif güc mərkəzlərinə bağlı şəxslərin daxil olmasına yaşıl işıq yandırılacaq:

"Məqsəd bu qüvvələrin yeni hakimiyyətə qarşı çıxmasının qarşısını almaqdır. Əl Şaraanın son addımları göstərir ki, onun əsas məqsədi ölkədaxili birliyi bərpa etmək və dinindən, irqindən asılı olmayaraq hər kəsi vahid bayraq altında toplamaqdır. Bu məqsədə çatmaq üçün Suriya daxilində hələ də silahları yerə qoymamış qüvvələri dəstəkləyən ölkələrlə əməkdaşlıq zəruridir. Yeni parlament həmin əməkdaşlığın siyasi platforması kimi çıxış edəcək və bu, müxtəlif qüvvələrin özlərini təmsil olunmuş hiss etmələrinə şərait yaradacaq. Bu, həm xarici aktorların dəstəklədiyi, həm də daxildəki silahlı qrupların himayə etdiyi şəxslərin parlamentdə yer alması ilə mümkün olacaq. Nəticədə, parlament ölkədəki müxtəlif maraq dairələrinin təmsil olunduğu siyasi mərkəzə çevriləcək. Bu isə fikir ayrılıqlarının müzakirə yolu ilə həll olunmasına imkan yaradacaq".

Politoloq vurğuladı ki, əgər müzakirə yoxdursa, silahlar danışır.

"Əl Şaraa isə bunun fərqindədir və bu səbəbdən elə bir mühit formalaşdırmağa çalışır ki, hər kəs parlamentdə fikrini ifadə edə bilsin. Məqsəd fikir ayrılıqlarının müzakirə ediləcəyi bir platforma yaradaraq silahların susmasını, dialoqun önə çıxmasını təmin etməkdir. Silahı olanın nümayəndəsi parlamentdə danışmalı, sözünü deməlidir. Bu, kompromis mühiti formalaşdıraraq Suriyanın gələcəyinin siyasi yollarla qurulmasına şərait yarada bilər", - deyə H.Səhrablı bildirdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən