"Paşinyan ilanın başını əzərsə, mənzərə xeyli sabitləşmiş olacaq" - AÇIQLAMA

 17:27 28.07.2025     115

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bu ölkənin konstitusiyasında dəyişiklik etməyi şərt qoyub. 

Bəs Ermənistan hakimiyyəti daxildə olan təzyiqlərə baxmayaraq yaxın zamanda konstitusiyaya dəyişiklik üçün referendum keçirə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, yaxın zamanda belə addımın atılması inandırıcı görünmür:

"Çünki maneələr, müqavimətlər var. Xüsusən hazırda Paşinyanın başı kilsə ilə qarışıb. Çox ciddi şəkildə mübarizə gedir. Bəlkə də Paşinyanın daxildəki radikallara qarşı apardığı mübarizənin son mərhələsidir. Çünki kilsə bu proseslərin, radikalizmin, Azərbaycana qarşı mübarizə aparılmasına çağırış səsləyən qrupların, "Böyük Ermənistan" ideyasının, avantürist ideyalarının başında gələn, bu prosesin əsas aparıcı qüvvəsi idi. Bir növ ilanın başıdır. Əgər bu əzilərsə, düşünürəm ki, Paşinyan üçün mənzərə xeyli sabitləşmiş, stabilləşmiş olacaq".

Müsahibimizin sözlərinə görə, Paşinyanın bütün bu məsələləri həll edib dəyişiklik məsələsinə gəlib çıxacağı bir qədər inandırıcı görünmür.

"Qarşıdan seçkilər də gəlir. Ermənistan və Paşinyan üçün çox çətin bir dönəm gəlir. Amma ümumən və bütövlükdə, bugünkü mərhələdə Paşinyan proseslərin bir növ qalibi kimi də görünür. Bütün o çətin mərhələləri dəf edərək irəliləməkdədir. İndi gedişatda daha konkret qərarlardan, addımlardan sonra nəticələri də görə biləcəyik", - deyə M.Göyüşlü əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən