"Azərbaycan heç kimi zorla çıxarmayıb, bölgəni könüllü tərk edənlər öz seçimlərini ediblər"

"Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Berliner Zeitung” nəşrinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər, ölkəmizin haqlı mövqeyinin, hüquqi əsaslara və beynəlxalq normalara söykənən siyasətinin aydın təzahürüdür. O, həm Qarabağda aparılan genişmiqyaslı bərpa işlərini, həm də əhalinin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı Prezidentin köməkçisi Hikmət Hacıyevin “Berliner Zeitung” nəşrinə verdiyi müsahibədən danışarkən bildirdi.
"Qarabağ və Şərqi Zəngəzurda artıq 50 mindən çox azərbaycanlının yaşaması, təhsil alması və əmək fəaliyyəti ilə məşğul olması, bir zamanlar viran edilmiş torpaqlarımızda həyatın bərpasının rəmzidir. Bu gün həmin bölgə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bir tikinti meydançasına çevrilmişdir. Bu istiqamətdə görülən işlər milli iradənin, siyasi qətiyyətin və tarixi ədalətin bərpasıdır.
Eyni zamanda Hikmət Hacıyevin Qarabağda yaşamış ermənilərin qayıdışı ilə bağlı verdiyi cavab Azərbaycan dövlətinin inklüziv və qanunlara söykənən reinteqrasiya siyasətinin bariz nümunəsidir. Ermənistan tərəfindən təhrif edilən “etnik təmizləmə” iddialarına qarşı Prezident Administrasiyasının bu aydın mövqeyi beynəlxalq informasiya məkanında mühüm cavabdır. Azərbaycan heç kimi zorla çıxarmayıb, bölgəni könüllü tərk edənlər öz seçimlərini ediblər. Azərbaycan dövləti isə vətəndaşlıq əsasında, bərabər hüquqlarla birgə yaşayış modelini təklif edib və bu, hər bir suveren dövlətin təməl hüququdur", - deyə millət vəkili vurğuladı.
Günay Ağamalı qeyd etdi ki, ermənilərin Qarabağa qayıdışı məsələsi hal-hazırda özünün real məzmunundan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə edilir.
"Anti-Azərbaycan mövqeyində olan dövlətlər və siyasi mərkəzlər erməni lobbisinin təsiri əsasında bu kontekstdə mütəmadi olaraq qərəzli mövqe nümayiş etdirirlər. Əgər bu gün qayıdış hüququndan danışılırsa, ilk növbədə Ermənistan tərəfindən 1980–90-cı illərdə doğma yurdlarından zorla qovulmuş 250 mindən çox azərbaycanlının hüquqları ön planda dayanmalıdır. Onların da ata-baba torpaqlarına qayıtmaq hüququ var və bu hüququn tanınması, beynəlxalq təşkilatların ədalətli və obyektiv yanaşmasını tələb edir. Çünki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi açıq şəkildə hər bir insanın öz vətəninə qayıtmaq hüququnu təsdiq edir. Eyni zamanda, Qaçqınların Statusuna dair Konvensiya və 1967-ci ildə qəbul edilmiş Pratokolda da eyni hüquqlar öz əksini tapır. Bu çərçivədə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlarına qayıtması gözardı edilib, ermənilərin Qarabağa qayıdışı aktuallaşdırılırsa, bu, ən böyük ikili standartlar nümunəsidir.
Azərbaycan dövlətinin yanaşması hüququn, tarixi ədalətin və insan haqlarının aliliyinə söykənir. Müsahibədə bu prinsiplərin ardıcıl şəkildə ifadə olunması, ölkəmizin beynəlxalq informasiya məkanında qətiyyətli və əsaslandırılmış şəkildə mövqeyini ortaya qoyduğunu bir daha təsdiqləyir", - deyə deputat yekunlaşdırdı.
Xədicə BAXIŞLI