"Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" - Sərdar Cəlaloğlu

 14:03 29.07.2025     124

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı bildirib ki, əgər Ermənistan ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir.

"Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq", - deyə o, əlavə edib.

Bəs Ermənistan ABŞ şirkətləri ilə əməkdaşlıq edirsə, bu, regionda hansı siyasi mesajları verir?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, ABŞ-nin Zəngəzur dəhlizini müəyyən mənada nəzarətə götürmək cəhdi yalnız Ermənistanla bağlı deyil:

"Bu, bütövlükdə Cənubi Qafqazda öz təsir dairəsini genişləndirmək və xüsusilə İranla Rusiyanın bölgədəki maraqlarını balanslaşdırmaq məqsədi daşıyır. Məlumdur ki, Zəngəzur dəhlizi strateji baxımdan son dərəcə mühüm əhəmiyyətə malikdir. Düzdür, Azərbaycanla İran arasında da alternativ yol mövcuddur. Lakin birbaşa Ermənistan ərazisindən keçən marşrut daha səmərəli və perspektivlidir. Çünki İran üzərindən keçən yolla Avropa və ABŞ-nin sərbəst hərəkəti çətinlik yaradır. Bu baxımdan ABŞ-nin dəhlizə nəzarət etmək təşəbbüsü əslində Ermənistandan çox, Amerikanın regional maraqlarına xidmət edir. Eyni zamanda, bu addım İran və Rusiyanın bölgədəki təsirini zəiflətmək, dünyaya ABŞ-nin Cənubi Qafqazda ciddi maraqları olduğunu göstərmək məqsədi güdür. Qlobal layihə hesab edilən bu "orta yol" marşrutu üzərində hazırda əsas beynəlxalq güclər - Rusiya, Çin, Avropa Birliyi və ABŞ müxtəlif formalarda iştirak etməyə çalışır".

Siyasətçinin sözlərinə görə, hazırkı mərhələdə görünən odur ki, Rusiya bəzi bəyanatları əsas götürərək bu dəhlizə nəzarəti ələ almaq istəyirdi.

"Lakin Ermənistan hökumətinin yürütdüyü siyasət nəticəsində Moskva bu imkanlarını itirib. İndi isə dəhlizə ABŞ şirkətləri nəzarət etmək niyyətindədir. Lakin Ermənistan hökuməti bildirib ki, onlar ABŞ şirkətlərinin də burada xüsusi mövqeyə sahib olmasını istəmirlər. Əslində bu yanaşma Ermənistanın uzağa hesablanmış strategiyasıdır. Yəni nə Rusiya, nə də ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir. Çünki əgər Ermənistan ABŞ-yə açıq üstünlük versə, bu, İran və Rusiyanın maraqlarına zidd olacaq. Bu səbəbdən ABŞ-nin nəzarətlə bağlı səsləndirdiyi bəyanatları tam səmimi hesab etmək çətindir. Əksinə, bu açıqlamalar Rusiyanın Ermənistana təzyiqlərini azaltmaq üçün atılmış addım təsiri bağışlayır. Təbii ki, Zəngəzur dəhlizi Azərbaycanın da maraqlarına toxunan bir məsələdir. Çünki İran ərazisindən keçən yol ilə müqayisədə Zəngəzurdan keçəcək dəhliz daha sərfəlidir, həm məsafə baxımından, həm də bu ərazinin Azərbaycanın tarixi torpaqları olması kontekstində. Üstəlik, Ermənistan gec-tez regional kommunikasiya sistemlərinə qoşulmaq məcburiyyətində qalacaq və o zaman Zəngəzur dəhlizi yenidən aktuallaşacaq", - deyə Sərdar Cəlaloğlu vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən